"Prezidentin Türkiyəyə səfəri iki ölkə arasında əməkdaşlığın ən yüksək səviyyəyə qalxmasının bariz nümunəsidir"

"Prezidentin Türkiyəyə səfəri iki ölkə arasında əməkdaşlığın ən yüksək səviyyəyə qalxmasının bariz nümunəsidir" "Prezident İlham Əliyevin Türkiyəyə növbəti işguzar səfəri hər iki ölkə prezidentlərinin şəxsi dostluğu və əməkdaşlığının ən yüksək səviyyəyə qalxmasının bariz nümunəsidir.
Xarici siyasət
10 Mart , 2022 13:10
Prezidentin Türkiyəyə səfəri iki ölkə arasında əməkdaşlığın ən yüksək səviyyəyə qalxmasının bariz nümunəsidir

"Prezident İlham Əliyevin Türkiyəyə növbəti işguzar səfəri hər iki ölkə prezidentlərinin şəxsi dostluğu və əməkdaşlığının ən yüksək səviyyəyə qalxmasının bariz nümunəsidir. Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətləri hazırda Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Belə ki, ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri həmişə hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Onun sözlərinə görə, dünyada qardaş xalqlar çoxdur: "Buna misal olaraq biz Rusiya və Ukrayna xalqlarını qeyd edə bilərik. Amma bu qardaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq asan deyil və Azərbaycanla Türkiyə bu məsələdə dünya üçün nümunədir. Azərbaycan və Türkiyə prezidentlərinin liderliyi altında bu gün ölkələrimiz arasında sıx və əbədi əlaqələr qurulub. Bu mənada da Azərbaycan və Türkiyə qardaşlığını dünyaya nümunə göstərmək olar".

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ötən il iyunun 15-də imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının zirvə nöqtəsi, strateji tərəfdaşlığın yeni mərhələsidir: "Bəyannamədə qeyd edilib ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq. Sənəddəki hərbi-texniki əməkdaşlıq hər hansı bir üçüncü dövlətə qarşı da yönəlməyib. Amma ölkələrimizin hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, Azərbaycan və Türkiyə bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Onu da vurğulayım ki, Azərbaycanla Türkiyə arasında hərbi-texniki əmədaşlığın daha da genişləndirilməsi və inkişaf etdirilməsi Şuşa Bəyannaməsində də qeyd olunub. Sənəddə həmçinin Azərbaycan ilə Türkiyə arasında olan siyasi, iqtisadi, mədəni və humanitar münasibətlərin ən yüksək zirvəyə yüksəldilməsi məsələləri də öz əksini tapıb. Hesab edirəm ki, ümumilikdə tarixi Şuşa Bəyannaməsi iki qardaş ölkə başçılarının həyata keçirdiyi fəaliyyətin zəfər nöqtəsidir".

YAP funksioneri bu gün dünyada sülhün bərqərar olmasına yönəlmiş çoxlu sayda çağırışların və səylərin nəticəsiz qaldığını qeyd edib: "Azərbaycan və Türkiyə bu istiqamətdə də birgə fəaliyyət göstərir. Görünən də odur ki, bizim səylərimiz daha konkret bir nəticəyə söykənir. Azərbaycan və Türkiyə hər zaman dünyada sülhün, ədalətin və əmin-amanlığın hökm sürməsindən ötrü hər zaman birmənalı mövqe sərgiləyirlər və bu, hər zaman da belə olacaq".

Son xəbərlər

Orphus sistemi