“Biz işğaldan azad edilən bölgəyə səfərimiz çərçivəsində oranın təbiətinin necə gözəl olduğuna şahidlik etdik. Amma bununla yanaşı, hər yerin dağıdıldığının şahidi olduq. Biz öz tərəfimizdən tarixi ərazilərin bərpasını gözləyəcəyik. Ümid edirik ki, bir neçə il sonra burada firavan yaşayışın şahidi olacağıq”.
“Report” xəbər verir ki, bu fikirləri Qambiyanın İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) daimi nümayəndəsinin müavini Jah Abu Bakir İƏT nümayəndə heyətinin Ağdam və Gəncəyə səfərinin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
“Buradakı vandallıq digər münaqişə bölgələrindəki təcavüzkar və işğalçılara nümunə olmalıdır ki, sadəcə vəhşilik törədib canını qurtara bilməsinlər. Ölkəmin Azərbaycandan uzaq olmasına baxmyaraq, Azərbaycan daim bizim qəlbimizdədir. Biz Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləyəcəyik”, - o bildirib.