"Qarabağ daha heç vaxt bu torpaqlara göz dikənlərin olmayacaq".
Bunu "Report"a açıqlamasında işğaldan azad edilən Azərbaycan ərazilərinə səfər edən türkiyəli səyyah Süleyman Öztürk deyib.
"Dünən hər birimiz ermənilərin törətdiyi təxribata şahid olduq. Təhlükəsizlik səbəbi ilə gedəcəyimiz istiqamətdə yol bağlandı və biz başqa marşrutla getməli olduq. Ancaq hər kəs bilməlidir ki, bu torpaqlar Azərbaycanındır və bu ərazilər uğrunda çox şəhidlər verilib. Ermənilər də öz torpaqlarında yaşamağı qəbul etməlidirlər", - deyə türkiyəli səyyah qeyd edib.
O, Qarabağın, onun baş tacı Şuşanın türk dünyası üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb: "Azərbaycana ilk səfərimdir. Qarabağda baş verənləri daim mətbuatdan izləyirdim. Videolardan, fotolardan gördüklərimə canlı şahid olmaq məni çox xoşbəxt etdi. Şuşanın əhəmiyyətini də çox yaxşı bilirəm. Bura bütün türk dövlətləri üçün xüsusi önəm daşıyır. Bu səbəbdən Şuşanın azad edilməsi çox mühüm hadisədir və burada dastan yazılıb. Hazırda bu yerlərdə tikinti işlərinin həyata keçirildiyini görürük. Yeni yollar çəkilir, bir sıra işlər aparılır, məscidlər bərpa olunur. Türk-İslam coğrafiyasının təkrar bu ərazilərə hakim olması bizi qürurlandırır. Bu sevinci bizə yaşatdığı üçün bütün şəhidləri ehtiramla anırıq. Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla, əsgərlərə və zabitlərə təşəkkür edirik".
Qeyd edək ki, dünyaşöhrətli səyyahların Qarabağa və Şərqi Zəngəzura iyunun 14-də başlayan səfərinə bu gün Şuşa şəhərində yekun vurulub.
Səfər dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı tərəfindən təşkil olunub.