"Azərbaycan və Qazaxıstan arasında möhkəm dostluq və əməkdaşlıq münasibətləri qurulub".
“Report” xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilmiş görüşün yekunları barədə danışarkən bildirib.
Onun sözlərinə görə, bu möhkəm dostluğun bünövrəsi Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev və Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub.
“Qazaxıstanın hazırki prezidenti Kasım-Jomart Tokayev bu siyasəti davam etdirərək Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində addımlar atır”, - Muxtar Tleuberdi bildirib.
“Azərbaycan bizim Cənubi Qafqaz regionunda əsas siyasi və iqtisadi tərəfdaşımızdır”, - Qazaxıstanın XİN başçısı əlavə edib.
O həmçinin Azərbaycanı işğal edilmiş torpaqların azad edilməsi münasibətilə təbrik edib və öz Vətəninin azadlığı uğrunda həlak olmuş bütün şəhidlərin yaxınlarına başsağlığı verib.
Qazaxıstanın XİN başçısı qeyd edib ki, ötən ilin noyabr ayında əldə olunmuş üçtərəfli razılaşmalar bütün Cənubi Qafqaz regionunda sabitliyin bərqərar olunması, həmçinin kommunikasiyaların bərpa edilməsi üçün imkanlar yaradıb.