Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab “Report” İnformasiya Agentliyinin redaksiyasında qonaq olub.
Agentliyin fəaliyyəti ilə tanış olan diplomat baş redaktor Murad Əliyevlə söhbəti zamanı Qətərlə Azərbaycan arasındakı münasibətlərin daha da inkişaf etməsi baxımdan səfirliyin yerli KİV-lə səmərəli əməkdaşlığını mühüm amil kimi dəyərləndirib.
Qətər səfiri həmçinin Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsində dost və qardaş Azərbaycanın mövqeyini dəstəklədiklərini vurğulayaraq Azərbaycanın işğal olunmuş ərazilərilə bağlı məsələnin tezliklə həll olunacağına ümidvar olduqlarını dilə gətirib.
“Report”un baş redaktoru Murad Əliyev də Azərbaycan həqiqətlərinin müsəlman ölkələri ictimaiyyətinə dolğun çatdırılması baxımdan Azərbaycan və Qətər KİV-ləri arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
2022-ci ildə Qətərin futbol üzrə dünya çempionatı kimi irimiqyaslı idman yarışına ev sahibliyi edəcəyini xatırladan baş redaktor bu cür idman tədbirlərində fəaliyyət təcrübəsinə malik “Report”un Dohadakı yarışlardan da reportajlar hazırlamağı nəzərdə tutduğunu bildirib.