“Mediada aqressiv və islamofobiyaya çağırışların yayılması məsələnin daha da gərginləşməsinə gətirib çıxarır”.
“Report”un xəbərinə görə, bunu qətərli mütəxəssis Kərim Məcri Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, islamofobiya köhnə qorxunun yeni anlayışıdır: “Antisemitizm də bu anlayışla eynilik təşkil edir. ABŞ və Kanadada aparılan sorğuya əsasən deyə bilərik ki, Qərb müsəlmanlara qərəzli yanaşır. Bir sıra Avropa ölkələri də bu sorğunun nəticələri ilə razılaşıb. Hesab edirəm ki, bu sahədə daha çox qabaqlayıcı tədbirlər görmək lazımdır, nəinki hansısa hadisə baş verdikdən sonra reaksiya vermək. Bu baxımdan gənc müsəlman jurnalistlərə dəstək olmaq lazımdır”.
K.Məcri söyləyib ki, jurnalist dürüst olmalı, öz reportajının dəqiqliyinə görə məsuliyyət daşımalıdır: “Qarayaxma, nifrətə çağırış və məlumatların dəqiqləşdirilmədən yayılması dürüst və peşəkar jurnalistika deyil. Bəzi jurnalistlər öz materialları ilə cəmiyyətləri nifrətə təşviq edirlər, hansı ki, bu halla Qərb mətbuatında daha çox rastlaşırıq”.