Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi başlanıb

Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi başlanıb Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib
Xarici siyasət
2 Mart , 2021 16:54
Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi başlanıb

Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində 2-5 mart 2021-ci il tarixlərində virtual formatda Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

QH tarixində ilk dəfə baş tutacaq bu tədbirdə iştirak üçün QH üzv dövlətlərindən yüzlərlə gənc müraciət etmiş və rəqabətli seçim prosesi nəticəsində 39 QH üzv dövlətini təmsil edən 60 gənc məşğələdə iştirak hüququ qazanıb.

İştirakçılar QH üzv dövlətlərinin yüksək vəzifəli rəsmilərinin rollarını canlandırmaqla COVID-19 pandemiyasından sonrakı dövr üçün Qoşulmama Hərəkatına üzv dövlətlərin tövsiyələrini hazırlayacaqlar.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və BMT Baş katibinin gənclər üzrə xüsusi elçisi Cayatma Vikramanayake çıxış ediblər.

Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi adından çıxış edən C.Bayramov iştirakçılara COVID-19-a qarşı mübarizədə Azərbaycan Respublikasının ölkə başçısı adından QH sədri qismində irəli sürülmüş təşəbbüslər barədə məlumat verib. Nazir eyni zamanda COVID-yə qarşı vaksinlərin pandemiyanın sona çatması ilə bağlı müəyyən ümidlər yaratdığını, lakin vaksinlərin qlobal miqyasda qeyri-bərabər və ədalətsiz bölgüsünün bu istiqamətdə əsas əngəllərdən biri olduğunu vurğulayıb. Gənclərin post-pandemiya bərpa dövrü ilə bağlı öz yanaşmalarını sərgiləmələrinin əhəmiyyətindən bəhs edən nazir, hazırkı tədbirin bu istiqamətdə olduqca faydalı olacağını bildirib.

BMT Baş katibinin elçisi isə öz çıxışında Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizədə oynadığı rola xüsusi diqqət çəkərək, pandemiyanın BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinin icrasına ciddi əngəllər törətdiyini və gənclərin pandemiyadan sonrakı reabilitasiya dövründə oynayacağı rolun əhəmiyyətini vurğulayıb. Bu xüsusda, BMT nümayəndəsi BMT Baş Katibinin təşəbbüsü ilə irəli sürülmüş BMT-nin Gənclər siyasəti üzrə 2030-cu il Strategiyasından bəhs etmişdir. Sonda BMT elçisi simulyasiya məşğələsinin iştirakçılarına uğurlar arzu edərək simulyasiyada iştirak edən gənclərlə tədbirdən sonra da işləməyə hazır olduğunu bildirib.

Məşğələnin martın 5-dək davam edəcək növbəti hissələrində iştirakçıların regional bölgü (Latın Amerikası, Asiya və Afrika/Avropa) əsasında qrup müzakirələrinin və bütün iştirakçıların iştirakı ilə keçiriləcək plenar iclaslarının baş tutması və sonda Simulyasiyanın yekun sənədinin razılaşdırılıb qəbul edilməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi