Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.
"Report" xəbər verir ki, o təşəkkürünü iyunun 29-da Aşqabadda Prezident İlham Əliyevlə görüşündə ifadə edib.
Türkmənistanın Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qəbul edilməsinə və fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirən Qurbanqulu Berdiməhəmmədov parlamentlərarası əlaqələrin də uğurla inkişaf etdiyini, ölkəsinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransına geniş nümayəndə heyəti ilə qatıldığını deyib.
Bu il Azərbaycan ilə Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini deyən Qurbanqulu Berdiməhəmmədov ötən illər ərzində siyasi, iqtisadi-ticari və mədəni-humanitar sahələrdə böyük işlərin görüldüyünü vurğulayıb.
Türkmənistanın neytral statusunu daim dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Qurbanqulu Berdiməhəmmədov ölkəsinin Azərbaycan Prezidentinin beynəlxalq arenada qarşılıqlı hörmətə və etimada əsaslanan təşəbbüslərinə verdiyi daimi dəstəyi qeyd edib.
Qurbanqulu Berdiməhəmmədov dövlətlərimizin birgə təşəbbüsləri ilə logistika və nəqliyyat-tranzit dəhlizlərinin qurulmasının önəmini, iqtisadi əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyini vurğulayıb.