Mərkəzi Asiya regionunda böyük potensiala malik olan Özbəkistanla əməkdaşlıq və əlaqələrin inkişafı Azərbaycan üçün geniş imkanlar açacaq.
"Report" xəbər verir ki, bunu Topçubaşov adına Bakı Analitik Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov Bakıda keçirilən “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbirdə çıxışı zamanı deyib.
O vurğulayıb ki, hazırda Azərbaycan türk dövlətləri ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir.
"Azərbaycan Xəzər və ya Qafqaz dövləti kimi deyil, həm də Mərkəzi Asiyaya körpü rolunu oynamağa çalışır. Bu, Qərb dövlətlərinə açıq siqnaldır", - direktor qeyd edib.
R.Hüseynov qeyd edib ki, Azərbaycanın qardaş dövlətlərlə yaxşı ikitərəfli münasibətlər qurması da vacibdir.
“Bu kontekstdə Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı səfərləri ittifaqı möhkəmləndirir”, - o əlavə edib.
Qeyd edək ki, “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbir Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.