Ermənistan Baş naziri Nikol Paşinyan son bəyanatlarında açıq-aşkar Rusiyanı hədəfə alıb.
Bunu “Report”a rusiyalı politoloq, milli münaqişələr eksperti Yevgeniy Mixaylov deyib.
“Paşinyanın sözləri arasında mütəmadi uyğunsuzluqlar var. Əvvəl dedikləri sözlərlə sonra söylədikləri düz gəlmir. Qeyd edim ki, bunlar Ermənistan dövlətinin rəhbərləri üçün çoxdandır adi hala çevrilib. Sözsüz ki, Paşinyan Moskvada nə qədər dostluq haqqında dəm vursa da, son çıxışları açıq-aşkar Rusiyanı hədəf alır".
Politoloq bütün bunlara Rusiya tərəfindən analoji cavab veriləcəyinə şübhə etmədiyini vurğulayıb.
Azərbaycan, Ermənistan, Rusiya liderlərinin 10 noyabr gününə təyin olunmuş görüşünün pozulmasına daha çox Ermənistanın məsuiliyyət daşıdığını deyən rusiyalı politoloq qeyd edib ki, bunun arxasında Paşinyanın barışıq prosesini mümkün qədər yubatmaq istəyi durur: “Paşinyanın səmimi bəyanat verdiyinə şübhə edirəm. Ortada İrəvanın öz öhdəliklərinə yerinə yetirəcəyi barədə boş ibarələr yox, konkret işlər olmalıdır”.