Milli Məclisin sədri Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasının 43-cü Baş Assambleyasının açılış mərasimində iştirak edib.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasının (AİPA) 43-cü Baş Assambleyasında iştirak etmək üçün Kambocada səfərdədir.
AİPA-nın 43-cü Baş Assambleyasının açılış mərasimi keçirilib və Milli Məclisin sədri Kamboca tərəfinin dəvəti əsasında xüsusi qonaq qismində Assambleyada iştirak edir.
Tədbirdə Kamboca Krallığı Milli Assambleyasının sədri, AİPA-nın 43-cü Baş Assambleyasının prezidenti Akka Moha Ponhea Çakri Henq Samrin qonaqları salamlayıb.
Kamboca Krallığının Kralı Əlahəzrət Norodom Sihamoninin tədbir iştirakçılarına müraciəti oxunub.
Sonra Kamboca Krallığı Senatının sədri Vibolsena Fikdei Say Çum, Kamboca Krallığının Baş naziri və ASEAN-ın sədri Akka Moha Sena Padei Teko Hun Sen, Kamboca Krallığı Milli Assambleyasının sədri, AİPA-nın 43-cü Baş Assambleyasının prezidenti Akka Moha Ponhea Çakri Henq Samrin çıxış etdikdən sonra təşkilati məsələlərin müzakirə olunduğu Birinci Plenar Sessiya keçirilib.