Gürcüstan Prezidenti Salome Zurabişvili Roma Papası ilə görüş zamanı Azərbaycan və Ermənistan arasındakı münaqişə barədə danışıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə dövlət başçısı İtaliyanın “Agenzia Nova Srl” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Gürcüstan müasir tarixində ilk dəfə öz ənənələrini davam etdirib, Azərbaycan və Ermənistan arasında vasitəçi qismində çıxış edə bilib: “Ümid edirik ki, hazırkı vəziyyət, xüsusən də Ermənistandakı növbədənkənar seçkilərdən sonra daha da yaxşılaşacaq”.
S.Zurabişvili qeyd edib ki, 2020-ci ilin payızında münaqişənin başladığı vaxtda Gürcüstan hər iki ölkə rəhbərliyinə Tbilisiyə səfər edib dialoq aparmalarını təklif edib: “Biz ümid edirdik ki, gələcəkdə də müsbət rol oynayacağıq. Gürcüstan üçün hər iki ölkə ilə yaxşı münasibətlərin olması vacibdir. Bu münaqişə gərginləşsəydi, faciə olardı. Biz dialoq və sabitlik üçün platforma yaratmaq istəyirik. Bu, Gürcüstana xas cəhətdir və müxtəlif konfessiya və etnik qrupların birgə yaşayışına şərait yaradır. Gürcüstanın yaşaması və inkişafı üçün başqa yol yoxdur”.