“Bu gün Azərbaycanda hesab edirlər ki, qan nahaq yerə axıdılmayıb, 20 Yanvar şəhidləri ölkənin azadlığı və müstəqilliyi naminə həyatlarından keçiblər. Onlar əsl qəhrəman və azadlıq mücahidləridir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova yerli “Qordon” nəşrində dərc olunmuş məqaləsində yazıb.
“1990-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixal Qorbaçov başını və orientirləri tamamilə itirmişdi. O, çapalayır, hiyləyə əl atır, SSRİ-ni xilas etməyə çalışırdı. O, bütün fikrini buna yönəltmişdi. Daha sonra Qərbdə özünə “xal qazanmaq” üçün o ölkəni bilərəkdən dağıtdığını demişdi. Strategiya bacarığı olmayan Qorbaçov bir neçə addım sonranı hesablamaq iqtidarında deyildi. Bu səbəbdən köhnə totalitar üsullarla “yeni təfəkkür” siyasəti yürütməyə çalışırdı”, - məqalədə deyilir.
E.Axundova qeyd edir ki, “həmin vaxt həyat sanki donmuşdu. Elə düşünürdük ki, hamı bizi satıb və unudub. Yaşamaq həvəsi qalmamışdı. Gözlərdə göz yaşları hakim idi”: “Həmin o gün məni jurnalistikaya qaytardı. Gecə vaxtı isti-isti “Niyə?” essesini yazdım. Həmin esse “Qara yanvar” məcmuəsinə daxil edildi”.