“Azərbaycan ilə İran arasında münasibətlərdə yeni səhifə açılıb”.
“Report” “Tehran Times”a istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib.
“Biz, iki ölkə liderlərinin müdrikliyi və diplomatları sayəsində bu gərginliyi arxada qoyduq. Bununla da, iki dost, qardaş, qonşu və müsəlman ölkəsi arasında münasibətlərdə yeni səhifə açılmış oldu”, - o deyib.
Səfir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi arasında Aşqabadda baş tutmuş görüş bu baxımdan dönüş nöqtəsi oldu.
Diplomat həmçinin İranın XİN rəhbəri Əmir Abdullahiyanın Bakıya səfər etdiyini xatırladıb: “Hüseyn Əmir Abdullahian bu il dekabrın 22-də Bakıya səfər etdi və səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və parlamentin sədri Sahibə Qafarova ilə görüşdü”.
S.A.Musəvi yeni 3+3 regional formatı bölgənin problemlərini həll etməyə imkan verəcəyinə ümidvar olduğunu bildirib.
Onun sözlərinə görə, regionun böyük ölkələri olan İran, Türkiyə və Rusiya üç Cənubi Qafqaz ölkəsi ilə birlikdə bu formatda fəaliyyəti davam etdirməli və onu “regional nizamın sabit mexanizminə” çevirməlidir.