“Dünya azərbaycanlıları builki müqəddəs Ramazan bayramını xüsusi sevinclə qeyd edirlər və bunun da başlıca səbəbi Azərbaycanın 44 günlük Vətən müharibəsində özünün əzəli torpaqlarını işğaldan azad edərək zəfər çalmasıdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Marneuli rayonunda Ramazan bayramı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Müharibə zamanı Gürcüstan azərbaycanlılarının mənəvi vətənləri olan Azərbaycana böyük dəstək və həmrəylik nümayiş etdirdiklərini qeyd edən səfir soydaşlarımıza minnətdarlığını bildirib:
“Əminik ki, Gürcüstan da qısa zamanda Azərbaycan kimi öz ərazi bütövlüyünü bərpa edəcək və bu zəfəri azərbaycanlılar gürcü xalqı ilə birgə qeyd edəcəklər, çünki bizim xalqlara qələbə yaraşır”.
Səfir Ramazan bayramı münasibətilə soydaşlarımızı təbrik edib, onlara sülh, rifah və müqəddəs ayda tutulan oruc, edilən niyyətlərin Allah tərəfindən qəbul edilməsini diləyib.
Tədbirdə Marneuli bələdiyyəsinin nümayəndələri, Gürcüstan parlamentinin deputatı Zaur Darğallı, yerli müsəlman din xadimləri və Marneuli sakinləri iştirak ediblər. Qonaqlara dini mövzuda mahnılar da təqdim olunub.