"Bu il koronavirus pandemiyasına baxmayaraq Azərbaycanla Özbəkistan arasındakı ikitərəfli ticarət həcmi 12 faiz artıb. Bu ilin 10 ayı ərzində isə iki ölkə arasındakı ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 41 faiz çox olub".
“Report” xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bəhrom Əşrəfxanov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Center) təşkil etdiyi “Azərbaycan – Özbəkistan münasibətlərinin 25 ili: nailiyyətlər və perspektivlər” adlı vebinarda videomüraciətində bildirib.
“1995-ci il oktyabrın 2-si Özbəkistanla Azərbaycan arasında diplomatik münasibətlərinin möhkəm bünövrəsinin qoyulduğu tarixi gündür. Ötən müddət ərzində imzalanmış 130-dən çox sənəd içərisində ən başlıcası 1996-cı ildə imzalanmış Dostluq və Əməkdaşlıq Sazişidir. Bu sazişlər arzu və imkanlarımızın son həddi deyil, istər Özbəkistan, istərsə də Azərbaycan ikitərəfli hüquqi bazanı daha da genişləndirmək əzmindədir. Əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı məhz bunu görəcəyik. Belə ki, səfər zamanı 20-dən çox ikitərəfli sənəd imzalanmağa hazırdır”, səfir deyib.
O, iki ölkə arasında son 5 ildəki əməkdaşlığın bütün sahələrdə ən fəal və səmərəli olduğunu söyləyib.