Bu gün Hindistan Səfirliyinin Azərbaycan Dillər Universiteti ilə birgə təşkil etdiyi inşa müsabiqəsinin, eləcə də yoqaya həsr olunmuş video və fotoşəkil müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
“Report” xəbər verir ki, hər iki müsabiqə Hindistanın 2022-ci ildə qeyd edəcəyi müstəqilliyin 75-ci ildönümü münasibətilə keçirilən tədbirlərin tərkib hissəsi kimi təşkil olunub.
Səfir Bavitlunq Vanlalvavna tədbirdəki çıxışında Hindistanın müstəqilliyinin 75-ci ildönümü ilə bağlı bayram tədbirlərinin bu ilin martından etibarən keçirilməyə başlandığını və bu tədbirlərin 2023-cü ilin avqustuna qədər davam edəcəyini bildirib.
Diplomat Hindistanın 1947-ci ildə müstəqillik qazandığı gündən etibarən keçdiyi yolları xatırladıb və qeyd edib ki, Hindistanın iqtisadiyyatı son 75 il ərzində çoxşaxəli formada inkişaf edib: “Hindistan bu gün dünyanın beşinci böyük iqtisadiyyatıdır və qlobal iqtisadiyyatın sabitliyinə və böyüməsinə əhəmiyyətli dərəcədə töhfə verib”.
O, ölkəsinin 2025-ci ilə qədər 5 trilyon dollarlıq iqtisadiyyata nail olmaq üçün çox əhəmiyyətli bir hərəkata – Hindistanın qlobal iqtisadiyyatda payını artırmağa hədəflənmiş “Aatma Nirbhar Bharat” hərəkatına start verərək sürətli iqtisadi artım yolunu davam etdirmək istədiyini bildirib.
Hindistanın kənd təsərrüfatı sektoru, elm və texnologiya, informasiya texnologiyaları, kosmik sahələr və s. daxil olmaqla bir çox digər sahələrdə də həmçinin uğurlar qazandığını deyən səfir Hindistanın əczaçılıq sektorunun gücünün dünyanın müxtəlif yerlərində, o cümlədən Azərbaycanda da ümumilikdə qəbul edildiyini vurğulayıb.
B.Vanlalvavna həmçinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Hindistan diasporlarının həmin ölkələrdəki cəmiyyətlərə müsbət töhfə verdiklərini söyləyib.
Tədbirdə həmçinin Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova çıxış edib.
Sonda inşa, eləcə də video və fotoşəkil müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi baş tutub.