"Ukrayna dövləti, xüsusilə bu ölkənin parlamenti 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi".
"Report" xəbər verir ki, bunu Ukrayna Ali Radası sədrinin birinci müavini Ruslan Stefançukla görüşündə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova deyib.
Göstərdikləri ədalətli dəstəyə görə Ukrayna parlamentinin rəhbərliyinə təşəkkürünü bildirən E.Axundova qeyd edib ki, R.Stefançuk müharibənin ilk günündə beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq Azərbaycanın haqlı işini müdafiə edən bəyanat verib.
"Bu bəyanat Azərbaycanda rəğbətlə qarşılanıb. Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun həmsədrləri Valeri Kolyux, Vladimir Kreydenko, qrupun üzvləri, həmçinin AŞPA-nın ukraynalı vitse-prezidenti Aleksandr Merejko 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldular, ölkəmizin haqq, ədalət mübarizəsini müdafiə etdilər. Artıq bir neçə ölkə Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası və yenidən qurulması işində iştirak niyyətlərini açıqlayıb. Ümid edirik ki, Ukrayna dövləti də bu işdə yaxından iştirak edəcək”, - E.Axundova vurğulayıb.
Azərbaycanın Ukraynanın strateji tərəfdaşı olduğunu xatırladan R.Stefançuk, öz növbəsində, qeyd edib ki, iki ölkənin parlamentləri arasında da sıx, səmimi və dostluq münasibətləri mövcuddur: "Bu münasibətlər getdikcə daha da inkişaf etdirilməlidir. Bu il ərzində qarşılıqlı səfərlərin həyata keçirilməsi olduqca önəmlidir".
Ukrayna Prezidenti Vladimir Zelenskinin Ali Radada qanunvericilik məsələləri üzrə xüsusi nümayəndəsi olduğunu xatırladan R.Stefançuk görüşdə səsləndirilən təklifləri Prezident Ofisinə təqdim edəcəyini söyləyib.