Ukraynada vətəndaşlarımız cəbhəyanı ərazilərdən paytaxt Kiyevə gələrək Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin səfirliyində yaradılan seçki məntəqəsində səsvermədə iştirak edirlər.
Bunu "Report"un Şərqi Avropa bürosununa açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib.
Onun sözlərinə görə, Kiyevdə seçki prosesi öz axarı ilə davam edir:
“Saat 8.00-da məntəqə açıldı. Seçki prosesi başlayandan məntəqədə daim seçki fəallığı müşahidə olunur. Hazırda da məntəqədə seçki prosesində iştirak edən Azərbaycan vətəndaşlarının sayı az deyil”.
Onun sözlərinə görə, xüsusilə cəbhə bölgəsində yaşayan Azərbaycan vətəndaşlarının Kiyevə gəlməsi üçün səfirlik tərəfindən yardım göstərilib, nəqliyyat təşkil olunub:
“Artıq Dnepr, Krivoy Roq, Lvovdan vətəndaşlarımız Kiyevə gəlib səsvermədə iştirak etdilər. Yaxın zamanda Xarkov, Odessadan vətəndaşlarımızın gəlişi gözlənilir. Eyni zamanda Kiyev ətrafında yaşayan Azərbaycanlılar da yaxın saatlarda məntəqəyə gələcəklər”.
S. Mərdəliyev bildirib ki, siyahıda olan seçicilərin 25 faizə qədəri artıq səsvermədə iştirak ediblər.
Qeyd edək ki, Ukraynada 600 Azərbaycan vətəndaşı olan seçici qeydiyyatdadır.
Səsvermə yerli vaxtla saat 19:00-a qədər keçiriləcək.