Şəki və Lənkəranda Amerika mərkəzlərinin açılması haqqında Anlaşma Memorandumu imzalanıb.
“Report” xəbər verir ki, imzalanma mərasimində çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Erl Lisenberger bildirib ki, imzalanmış memorandumlar sayəsində daha 2 şəhərdə Amerika mərkəzləri açılacaq. Bununla da, ümumi say 6-ya çatacaq.
Onun sözlərinə görə, bu mərkəzlər təhsili davam etdirmək, ABŞ haqqında daha çox məlumat əldə etmək və ingilis dili səviyyəsini yaxşılaşdırmaq imkanı verəcək: “Bu mərkəzlərin açılış lentini kəsmək üçün Şəki və Lənkərana səfərləri səbirsizliklə gözləyirəm”.
Diplomat memorandumların imzalanmasında əziyyəti olan şəxslərə minnətdarlığını bildirib.
Xatırladaq ki, Bakıdakı Amerika Mərkəzi 2007-ci ildə ABŞ Səfirliyi və Azərbaycan Dillər Universiteti arasında imzalanmış xüsusi razılaşma əsasında fəaliyyət göstərir. 2017-ci ildə Bakı Amerika Mərkəzi Qızıl statusa layiq görülüb. Azərbaycanın Gəncə, Xaçmaz, Salyan və Kürdəmir kimi şəhərlərində də Amerika mərkəzləri fəaliyyət göstərir.