Dünya bölünmə xətlərindən, silahlı münaqişələrdən, beynəlxalq cinayətlərdən və koronavirus pandemiyası da daxil olmaqla yeni çağırışlardan yorulub, hərtərəfli qarşılıqlı yardım və əməkdaşlıq tələb olunur.
“Report” xəbər verir ki, bu fikirlər Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun BMT Baş Assambleyasının 75-ci Sessiyasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri adından yayımlanan video müraciətində yer alıb.
“Bu gün, təəssüf ki, dünyanın müxtəlif bölgələrində silahlı münaqişələr davam edir. Bunlara müasir dövrümüzün kəskin təhdidləri əlavə edilib: beynəlxalq terrorizm, narkotik və kiber cinayətlər, iqlim dəyişikliyi. Bu il bu siyahı daha bir qorxunc çağırışla - sosial-iqtisadi və digər sahələrdə ciddi böhran hadisələrinə səbəb olan koronavirus pandemiyası ilə tamamlandı.
İldən-ilə qlobal problemlərə cavab vermək getdikcə daha da çətinləşir, xüsusən də dünya birliyinin artan parçalanması şəraitində. Bu vəziyyət böyük ölçüdə bəzi ölkələrin digər dövlətlərin qanuni maraqları ilə hesablaşmaq istəməməsindən qaynaqlanır” o, bildirib.
Rusiya XİN rəhbəri bildirib ki, tarixin təbii gedişini sındırmaq olmaz:
“Bu gün beynəlxalq aləmdə yeni iqtisadi artım mərkəzləri güclənir, silahlı münaqişələrin yalnız sülh yolu ilə həll olunmasına ehtiyac artır və qarşılıqlı asılılıq artır. Dünya hərtərəfli qarşılıqlı yardım və əməkdaşlıq qurmağı tələb edir. Başqa sözlə, BMT-nin yaradılmasında 75 il əvvəl formalaşdırılan hədəflər getdikcə daha aktual olur”.