"Türk dövlətlərinin müxtəlif sferalardakı əməkdaşlığının və münasibətlərinin güclənməsi prosesində şübhəsiz ən böyük əmək sərf edənlərdən biri də Azərbaycan Prezidenti İlham Əliyevdir".
Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Dünya Türk Forumunun sədri Süleyman Şənsoy deyib.
O, Azərbaycanın torpaqları uğrunda apardığı Vətən müharibəsinin türk dünyası üçün arzuolunan nəticə doğurmasının gələcək perspektivlər baxımından zəruriliyini vurğulayıb: "Qarabağın işğaldan azad olunması ilə Zəngəzur dəhlizinin açılması hədəfi türk dövlətlərinin fiziki olaraq da bir araya gəlməsi baxımından olduqca önəmlidir. Bildiyiniz kimi, bu əlaqələr uzun illər boyu qəsdən zəiflədilmişdi. Təbii ki, indiki vəziyyətdə olduqca böyük işdir və böyük də məsuliyyət tələb edir. Bu mənada Türkiyə və Azərbaycan başda olmaqla, digər türk dövlətlərinin də mümkün risklərə qarşı həmrəylik nümayiş etdirməsi, əməkdaşlıqlarını gücləndirməsi lazımdır".
Dünya Türk Forumunun sədri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ramazan bayramından sonra Şuşaya səfər edəcəyi ilə bağlı səsləndirdiyi fikirlərə də toxunub: "Mən bunu həm mənəvi, həm də strateji nöqteyi-nəzərdən yüksək qiymətləndirirəm. İnanıram ki, digər türk dövlətlərinin liderləri də Qarabağı ziyarət etməli və infrastruktur bərpa olunduqdan sonra mühüm zirvə görüşü təşkil olunmalıdır".
S.Şənsoy həmçinin türk dövlətləri arasında iqtisadi əməkdaşlıq və bu sahədə birgə layihələrin həyata keçirilməsinin vacibliyini də vurğulayıb: "Biz hesab edirik ki, türk dövlətləri arasında investisiya fondu yaradılmalı və inkişaf bankı qurulmalıdır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də zirvə görüşündə bu məsələni qeyd etdi. Bu həm türk dünyasında layihələrin maliyyələşdirilməsində, həm də Qarabağın infrastrukturuna investiya qoyulmasında mühüm rol oynaya bilər. Qarabağın işğaldan azad olunması ilə türk dövlətləri arasında Balkanlardan Mərkəzi Asiyayadək birbaşa təmaslar da bərpa olundu. Türk İnvestisiya Fondu, Türk İnkişaf Bankı regionda yeni balanslar yaradacaq. Bu balansların bizə qazandıracağı maddi-mənəvi, strateji üstünlüklər haqqında indidən birgə əməkdaşlıq təşkil olunub".
Natiq Çıraqzadə