“Svobodnaya pressa” nəşri Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş
“Report” xəbər verir ki, məqalədə Qarabağ müharibəsi zamanı Xocalının erməni hərbçiləri tərəfindən ələ keçirilməsindən sonra dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi ilə yaşanan faciənin bütün bu illər ərzində Azərbaycan xalqının qəlbində qanlı yara olaraq qaldığı, rəsmi Bakının faciəni soyqırımı adlandırdığı (bu, dünyanın bir çox ölkələrində də tanınır) və təbii ki, Qarabağ münaqişəsinin ən qaranlıq səhifələrindən biri olduğu vurğulanır.
Bildirilir ki, fevralın 25-dən 26-na keçən gecə baş verənlər əsl dəhşət idi: “Xocalı sakinləri Qarqar çayının yatağı ilə Əsgəran şəhərinə, eləcə də Ağdam şəhərinə doğru hərəkət edirdi. Sakinlərin çoxu erməni yaraqlılarının qurduğu pusquya düşdü: onları gülləbaran etdilər, digərlərini isə daha dəhşətli aqibət gözləyirdi. Həmin hadisələrin şahidlərinin, məsələn, “İzvestiya” qəzetinin müxbiri Vadim Belıxın gözlərin oyulması, qulaqların kəsilməsi, dərisi soyulmuş kəllənin yarılması barədə xatirələrini oxumaq çox çətindir”.
Məqalədə qeyd olunur: “Hüquq müdafiəçilərinin bildirdiyinə görə, şəhərin ələ keçirilməsindən sonra dörd gün ərzində təkcə qonşu Ağdama 200-ə yaxın meyit gətirilib ki, onlardan 13-ü uşaq, 51-i qadın olub. “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı qeyd edib ki, dinc sakinlər bir neçə müdafiəçinin müşayiəti ilə şəhərdən çıxmağa çalışarkən erməni postuna rast gəlib və onlar hamını gülləbaran edib”.
Müəllif “Novıye İzvestiya”da yazılanları da vurğulayıb: “Ermənistan tərəfi iddia edir ki, ölənlərin sayının çox olması Xocalı sakinlərinin onlara verilən “sərbəst dəhliz”də silahlı şəxslərin müşayiəti ilə hərəkət edərkən silahlıların erməni postlarını atəşə tutması və bununla da onları cavab atəşi açmağa məcbur etməsi ilə bağlıdır. Amma bunu təsdiq edən heç bir fakt tapılmadı, üstəlik, günahsız insanların ölümünü bu şəkildə əsaslandırmaq da çox qəribədir”.
Bunun ardınca məqalədə ermənilərin bəhanə kimi gətirdikləri səbəbi puç edən fakt göstərilib. Bildirilib ki, Xocalı faciəsinin baş vermə tarixinin (fevralın 25-dən 26-na keçən gecə) 1988-ci ilin Sumqayıt hadisələri ilə eyni gündə baş verməsi heç də təsadüfi hal kimi görünmür, üstəlik, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində kifayət qədər açıq şəkildə “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə sadəcə zarafat edirlər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Bütün bu düşüncələri məhv etmək lazım idi və belə də oldu” söyləməsi faktı da var.
Məqalənin sonunda ermənilərin xislətini açan məqamlar da əks olunub: “Vikipediyada Xocalı faciəsinə həsr olunmuş səhifədə bildirilir ki, 2019-cu ilin noyabrında Ermənistanın baş naziri Nikol Paşinyan qətliamı azərbaycanlıların özlərinin həyata keçirdiyini və qətliamı “böyük yalan” adlandırıb. Ermənistanın ictimai təşkilatları da faciəni təkzib etməkdə israrlıdır, bu barədə yayılan məlumatları düşmənin təbliğatı adlandırırlar. Odur ki, rəsmi İrəvanın 1992-ci ilin fevralında baş vermiş faciəli hadisələri araşdırmağa cəhd belə etməməsi təəccüblü deyil. Ona görə də Azərbaycanla Ermənistan arasında qanlı uçurumun o vaxtdan indiyədək azalmamasında, müharibə alovunun sönməməsində qəribə heç nə yoxdur”.