Tahir Mirkişili: BRİCS-ə üzvlük Azərbaycana yeni perspektivlər vəd edir

Tahir Mirkişili: BRİCS-ə üzvlük Azərbaycana yeni perspektivlər vəd edir Azərbaycanın iqtisadi niyyəti BRICS-in nəqliyyat, kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etməkdir. Bu bizim üçün yeni perspektivlər və imkanlar aça bilər.
Xarici siyasət
4 İyul , 2024 15:22
Tahir Mirkişili: BRİCS-ə üzvlük Azərbaycana yeni perspektivlər vəd edir

Azərbaycanın iqtisadi niyyəti BRICS-in nəqliyyat, kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etməkdir. Bu, bizim üçün yeni perspektiv və imkanlar vəd edir.

Bunu “Report”a açıqlamasında 6-cı çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, 2006-cı ildə yaradılan, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilat olan BRİCS nüfuzlu bir beynəlxalq təşkilatdır.

“2023-cü ildə BRİCS ölkələrinin cəmi ÜDM-i (alıcılıq qabiliyyəti pariteti əsasında) qlobal ÜDM-in 35.7%-ni təşkil edib. Yarandığı müddətdən keçən 15 il ərzində təşkilat qlobal iqtisadiyyatda öz payını 10.2% artırıb. Müqayisə üçün qeyd edim ki, ən böyük iqtisadiyyatlara malik G7 ölkələrinin qlobal iqtisadiyyatda payı isə bu müddət ərzində 9.7% azalaraq 29%-ə düşüb. Yəni iqtisadi cəhətdən hazırda BRİCS G7-dən böyükdür”, - iqtisadçı qeyd edib.

T.Mirkişili vurğulayıb ki, Azərbaycanın 2023-cü ildə xarici ticarət dövriyyəsinin 20%-i BRICS üzvlərinin payına düşür:

“Rusiya və Çin bizim ən çox ticarət etdiyimiz 3-cü və 4-cü ölkədir. Çin-Avropa, Rusiya-Hindistan-İran arasındakı ticarət dövriyyəsində Azərbaycan önəmli yer ala bilər. Uzun illər böyük səylər əsasında yaradılan Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin intensivləşməsi bizə böyük iqtisadi fayda vəd edir. Azərbaycanın həm Avropa Birliyi ilə tərəfdaşlıq münasibətləri, həm də BRİCS, Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıq münasibətləri ölkəmizin iqtisadi siyasətinə və dünyada yaranan yeni reallıqlara uyğun olaraq atılan addımlardır. Əsas məqsəd iqtisadi inkişaf, dövlətin iqtisadi cəhətdən güclənməsi, vətəndaşların maddi rifah halının daha da yaxşılaşmasıdır”.

Azərbaycanın məhz indi BRİCS-ə üzv olmaq istəyinin nə ilə bağlı olmasına gəldikdə isə həmsöhbətimiz söyləyib ki, Azərbaycan artıq qlobal təşəbbüslər ilə çıxış edən, qlobal dialoqun keçirildiyi bir ölkəyə çevrilib və Azərbaycanın yeni dünyada öz nüfuzlu yerini tutmağa çalışması tamamilə normaldır:

“Regionda yeni reallıqların yaradılması ölkəmizə qlobal miqyasda inamı daha da artırıb. Eyni zamanda, dünyada yeni qütblərin, qüvvələrin yaranması baş verməkdədir. Belə bir şəraitdə milli maraqlarımız nəyi tələb edəcəksə, o da ediləcək”.

Müsahibimiz BRICS-in üzv dövlətlərinin böyük əmək bazarına, təbii resurslara sahib olmalarından da söz açıb:

“BRICS ölkələri BMT Təhlükəsizlik Şurası, G20 və Şanxay Əməkdaşlıq Təşkilatı kimi böyük təşkilatların da üzvləridir. Bu gün bir sıra dövlətlər BRICS-ə üzvlüyə maraq göstərirlər. Bunlar təşkilatın beynəlxalq münasibətlər sistemindəki çəkisindən xəbər verir. 2009-cu ildə BRICS-in ilk Zirvə toplantısı keçiriləndə qəbul edilən birgə bəyanatda göstərilmişdi ki, beynəlxalq təhdidlərlə mübarizədə Çoxtərəfli Diplomatiyaya üstünlük verilir. BRICS birqütblü dünyaya qarşı yaranıb. BRICS sənədlərində həmrəylik, qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıq təşviq olunur. Ərazi bütövlüyü, suverenliyin toxunulmazlığı kimi məsələlər təşkilatın sənədlərində xüsusi vurğulanır. Siyasi və təhlükəsizlik, maliyyə və iqtisadiyyat, eləcə də mədəni və xalqlar arasında münasibətlər kimi istiqamətlər BRICS çərçivəsində əsas istiqamətlərdir”.

T.Mirkişili son olaraq diqqətə çatdırıb ki, BRİCS-ə üzvlük Azərbaycanın xarici siyasətindəki çoxtərəfli əməkdaşlıq prinsiplərinə cavab verir, ölkənin iqtisadi siyasətinin hədəflərinə uyğundur:

“BRICS qlobal bir təşkilatdır. Mövcud qlobal düşüncəyə fərqli yanaşmanı göstərir. Bu təşkilata üzv olan ölkələr Qərblə bərabərhüquqlu münasibətlərin tərəfdarıdır, öz bölgələrində liderliyə iddialıdırlar. BRICS-in daha bir yaxşı özəlliyi onun digər birliklərə üzvlüklə bağlı məhdudiyyətlər qoymamasıdır. Yəni üzv ölkələr digər iqtisadi və güc mərkəzləri ilə milli maraqlara uyğun əməkdaşlıq edə bilər. Hesab edirəm ki, həm Qərb, həm də Şərqlə yaxşı tərəfdaşlıq əlaqələri quran Azərbaycan öz milli maraqlarını hər iki qütbdə təmin edəcək”.

Xatırladaq ki, dünən Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamədə yer alan mühüm müddəalardan biri Çin tərəfinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlaması, ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləməsi və BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlamasıdır.

Son xəbərlər

Orphus sistemi