"Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsi olaraq Azərbaycan türk dünyasında çox mühüm birləşdirici rol oynayır".
Bunu “Report”a Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Qismət Gözəlov Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfərini şərh edərkən bildirib.
O vurğulayıb ki, 44 günlük Qarabağ müharibəsində qazanılmış zəfər və Türkiyə başda olmaqla türk dünyasının nümayiş etdirdiyi həmrəylik qardaş ölkələrimiz arasındakı birlik və bərabərlik ruhunun güclənməsinə xidmət edib.
“Türk Dövlətləri Təşkilatının qurucu üzvü olan Azərbaycanın türk dünyasının inteqrasiyasına verdiyi tövhələr danılmazdır. Təşkilat çərçivəsində Mərkəzi Asiyadakı türk dövlətləri ilə olan əlaqələr də son zamanlarda ən yüksək səviyyəyə çatıb. 2021-ci ilin iyun ayında imzalanmış, Azərbaycan və Türkiyə arasında qarşılıqlı əlaqələri ən yüksək səviyyəyə çatdırmış Şuşa Bəyannaməsi bu reallığın təcəssümüdür".
Baş katibin müavini dövlət başçılarının qarşılıqlı səfərləri ilə intensivləşən ikitərəfli görüşlərin TDT çərçivəsində həyata keçirilən əməkdaşlığa böyük töhfə verdiyini və Prezident İlham Əliyevin Qırğızıstana səfərinin bu müstəvidə xüsusi önəm daşıdığını vurğulayıb.
Onun sözlərinə görə, son dərəcə uğurlu olan ikitərəfli əlaqələrin inkişafı ölkələr arasında üçtərəfli mexanizmlərin də yaranmasına təkan verib və nazirlər səviyyəsində Azərbaycan-Türkiyə-Özbəkistan, Azərbaycan-Türkiyə-Qazaxıstan üçlü əməkdaşlıq formatlarının qurulmasına səbəb olub.
“Bütün bu sadalananlar göstərir ki, Prezident İlham Əliyevin tətbiq etdiyi uğurlu xarici siyasətin nəticəsi olaraq Azərbaycan türk dünyasında son dərəcə strateji birləşdirici rol oynayır”, - Q.Gözəlov diqqətə çatdırıb.