İran tərəfinin öz sərhədlərinin təhlükəsizliyi ilə bağlı narahatlıq keçirməsi ilə əsaslandırdığı səbəblər məntiqsiz və ziddiyyətlidir, tez-tez dəyişir.
Bunu “Report”a diplomat, Azərbaycan XİN-in sabiq rəhbəri Tofiq Zülfüqarov İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın öz ölkəsinin mətbuatına son müsahibəsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, birincisi, Ermənistan sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri mühafizə edir və bu ölkə üzvü olduğu KTMT-nin məsuliyyət zonasına daxildir.
“Bu, siyasi sürrealizmdir”, - İranın Ermənistanın təhlükəsizlik məsələləri ilə bağlı narahatlığına münasibət bildirən Zülfüqarov deyib.
İkincisi, İran İslam İnqilabı Keşikçiləri Korpusunun timsalında Azərbaycan ilə sərhəddə mövcud olmayan "sionist təhlükəsi" aşkar etdiyi bir halda, yerli hakimiyyətin dəvəti ilə iştirak etdiyi Suriyanın İsraillə sərhəddində bu təhlükəni hiss etmir.
Zülfüqarovun fikrincə, İranın bütün hərəkətləri və ölkənin yeni hökumətinin bəyanatları qonşularımızın daxili ziddiyyətlərinin birbaşa təzahürüdür: “Hazırda "tortun bölünməsi" həyata keçirilir və bizim bu məsələyə heç bir aidiyyətimiz yoxdur”.
“Görünür, böyük ehtimalla müsbət nəticələnəcək və İran neftinin ixracını bərpa edəcək ölkənin nüvə proqramı üzrə Vyana danışıqları öncəsi bu cür hərəkətlər nədənsə xəbər verir. Xüsusilə də söhbət ölkə daxilində bunda maraqlı olmayan qüvvələrin olmasından gedir. Məsələn, sanksiyalar dövründə SEPAH-ın ölkə daxilində siyasi və maliyyə qüdrəti xeyli artıb”, - ekspert bildirib.
Məqsəd diqqəti başqa istiqamətə yönəltmək və idarə olunan böhran yaratmaqdır. Bununla onlar bizim müttəfiqlərimizə, xüsusilə də Türkiyəyə qarşı və qərbdəki antitürk qüvvələrin “əlinə oynamağa” çalışırlar.
“Bu vəziyyətdə Azərbaycan üçün ən yaxşısı məsələni gözardı etməkdir. Onların qaydaları ilə oynamaq və bu cür intriqalara cəlb olunmaq olmaz”, - Zülfüqarov hesab edir.
Onun fikrincə, İran tərəfindən prioritetlərin bu cür müəyyən edilməsi – Ermənistana dəstək və simpatiya, bizə qarşı açıq düşmənçilik mövqeyi hətta Azərbaycanın xeyrinədir. Azərbaycan öz siyasətini qurarkən bundan istifadə edə bilər.
“Bu, İrana qarşı şəxsi mövqeyi olan, onu destruktiv ölkə hesab edən ölkələr üçün müəyyən siqnallar verir. Bu isə öz növbəsində, məsələləri Ermənistan üzərinə köçürməyə və regiondakı reallıqları daha yaxşı anlamağa kömək edə bilər”, - Zülfüqarov deyib.