“Ermənistan parlamentindən olan həmkarlarım gərək öz parlamentlərində nifrət yaradan bəyanatlara, Azərbaycan fobiyasına yol verməsinlər, yalnız bu şərtlə bu cür əhəmiyyətli görüşlərdə iştirak etsinlər”.
“Report” xəbər verir ki, bu sözləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Euronest Parlament Assambleyası (PA) komitəsinin videoformatda keçirilən iclasında bildirib.
Millət vəkili həmçinin bu günlərdə Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin əməkdaşı Lilit Gözəlyan tərəfindən hədə-qorxuya məruz qaldığını diqqətə çatdırıb.
“Euronest PA Siyasi işlər, insan hüquqları və demokratiya komitəsinin iclası zamanı Ermənistan nümayəndələrinin Azərbaycana qarşı əsassız ittihamlarına cavab verərkən Ermənistanda Azərbaycan fobiyasına dair məsələ qaldırdım və hazırda Ermənistan parlamenti əməkdaşları tərəfindən ölüm hədələrini alıram”, - T.Gəncəliyev tvitter hesabından paylaşımda deyib.