Ortaq əlifba türk xalqları arasında əlaqələrin gücləndirilməsində əsas vasitədir.
Bunu “Report”un Ankara bürosuna Türk Akademiyasının prezidenti, professor Şahin Mustafayev bildirib.
O deyib ki, ortaq əlifba xalqların bir-birini daha yaxşı anlamağına kömək edəcək: “Türk dillərinin kök sistemi eyni olduğu üçün ortaq əlifba yazılı mətnləri, ədəbiyyatı anlamaq üçün uğurlu vasitədir. Bu da türk xalqları arasında əlaqələri genişləndirir və möhkəmləndirir”.
Ş.Mustafayev ortaq türk dilinin yaradılması ilə bağlı səslənən fikirlərin yanlış olduğunu deyib:
“Burada söhbət ortaq türk dilindən getmir. Çünki hər xalqın özünün ədəbi dili, danışıq dili var, hamı öz danışıq dilindən istifadə edir və edəcək”.