Avropa unutmamalıdır ki, Rusiya-Ukrayna müharibəsindən sonra enerji baxımından Azərbaycandan asılılığı var.
“Report” xəbər verir ki, bu fikirlər Türkiyənin “Haber Global” telekanalının Azərbaycan-Avropa Şurası Parlament Assambleyası münasibətləri kontekstində hazırladığı süjetdə yer alıb.
Qeyd olunub ki, bu AŞPA-nın ilk qalmaqallı qərarı deyil:
“Türkiyə əleyhinə də dəfələrlə Azərbaycana qarşı səsləndirilən ittihamlara bənzər fikirlər ortaya atılıb. Onlar Azərbaycanla əlaqədar, xüsusilə 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsi və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri ilə bağlı erməni lobbisi və Fransanın rəhbərlik etdiyi lobbiçilik fəaliyyəti ilə məşğul oldular”.
Sujetdə AŞPA-nın 30 illik işğal dövründə AŞPA-nın Ermənistan əleyhinə heç vaxt hər hansı qərar və qətnamə qəbul etməməsi də diqqətə çatdırılıb:
“İkili standartlar, qütbləşmə normal olaraq sivilizasiyalarda və cəmiyyətlərdə nifrət yaradır. Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün böyük itkilər verdi, vətəni xilas etmək üçün mübarizə apardı. Avropada isə ona dəstək vermək əvəzinə, Ermənistan və erməni quldur dəstələrini dəstəkləməyə yönələn siyasi vəziyyət yarandı. Buna baxmayaraq, Azərbaycan qalib gəldi. Ermənilər Fransa vasitəsilə lobbiçilik edərək AŞPA-ya hesabatlar gətirirlər. Əgər qurum bu qərarları ilə ikili standartlar ortaya qoyursa, qarşı tərəfdən də atılacaq addımlar var”, - telekanal vurğulayıb.
Qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvü olub. Bəzi avropalı parlamentarilər yanvarın 24-də AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətinə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb. Parlament Assambleyasında mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.
Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.