“Qardaş Azərbaycan Respublikasının müstəqilliyini yenidən qazanmasından sonra onu beynəlxalq aləmdə tanıyan ilk ölkə Türkiyədir. Azərbaycanın Türkiyə Cümhuriyyəti ilə imzaladığı “Diplomatik əlaqələrin yenidən qurulmasına dair anlaşma” sənədi nəticəsində 1992-ci il yanvarın 14-də Türkiyənin Azərbaycandakı səfirliyi Bakıda fəaliyyət göstərməyə başlayan ilk diplomatik nümayəndəlik oldu”.
“Report” xəbər verir ki, bu fikirlər Türkiyənin Azərbaycandakı səfirliyinin bəyanatında əksini tapıb.
Bəyanatda qeyd olunub ki, tarix boyu Türkiyə Cümhuriyyəti çətin vaxtda ilk olaraq Azərbaycanın qardaş köməyini, Azərbaycan isə çətni günlərdə Türkiyənin dəstəyini görüb: "Beynəlxalq aləmdə ölkələrimizin uğurlarına görə birlikdə sevinir, kədərinin isə kədərimiz olduğunu bildiririk. 30 il ərzində bir çox sahədə ilklərə şahidlik etdik"
Bəyanatda vurğulanıb ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə Prezidenti seçildikdən sonra Azərbaycanla qarşılıqlı səfərlər ənənəvi hal alıb: "Eyni zamanda cənab Prezidentimiz ötən il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya, oktyabrın 26-da isə Füzuli və Zəngilana Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə birlikdə gedərək işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur ərazilərinə xarici səfər edən ilk dövlət başçısı olub.
Diplomatik əlaqələrimizin yenidən qurulmasının 30-cu ildönümündə Azərbaycan ərazilərində 30 il davam edən işğalın zəfərlə başa çatması ilə regionda əməkdaşlıq üçün yeni fürsətlər yaranıb. Bu günədək olduğu kimi, bundan sonra da Azərbaycanla birlikdə ölkələrimizin və regionun mənfəəti naminə əməkdaşlığımızı davam etdirəcəyik.
Əlaqələrimizin müttəfiqlik səviyyəsinə çatdırılmasında tarixi bir addım olan Şuşa Bəyannaməsində göstərilən istiqamətlər çərçivəsində enerjidən iqtisadiyyata, nəqliyyatdan təhlükəsizliyə kimi, bir çox sahədə ortaq addımlar atmağa, əlaqələrimizi daha da inkişaf etdirməyə və dərinləşdirməyə, sarsılmaz qardaşlığımızın eyni zamanda regionumuzun sabitliyinin təminatı olduğunu göstərməyə davam edəcəyik. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin bizə miras qoyduğu “Bir millət, iki dövlət” şüarını cənab prezidentlərimizin qardaşlığı, səmimiyyəti, qətiyyəti və nümunəvi liderlikləri sayəsində hər ötən gün doğrultmağa çalışacağıq.
Can Azərbaycanın bir çox yerində ölkəmizin qurumlarının, nümayəndəliklərinin və bütün azərbaycanlı qardaşlarımızın dalğalandırdığı şanlı türk bayrağını 30 ildir Türkiyənin Azərbaycandakı səfirliyi olaraq “küləklər şəhəri” Bakıda dalğalandırmanın təsviredilməz qürurunu yaşayırıq. Daha neçə 30 illərdə al bayrağımızı üçrəngli Azərbaycan bayrağı ilə birlikdə daim zirvələrdə görməyi diləyirik. Bu hiss və fikirlərlə, diplomatik əlaqələrimizin yenidən qurulmasının 30-cu ildönümünü təbrik edir, azərbaycanlı qardaşlarımıza əsənlik və rifah diləyirik".