“Ukrayna hər zaman Azərbaycanın dostu olub və ərazi bütövlüyünü dəstəkləyib”.
Bunu “Report”a açıqlamasında Ukraynanın hakim partiyasının üzvü, deputat Volodimir Kreydenko bildirib.
O, ilk olaraq bu gün qeyd edilən Ukraynanın Müstəqillik Gününün bir növ milliliyə qayıdış olduğunu və Ukraynada bu bayramın təntənəli paradlar, milli adət-ənənələri icra etməklə qeyd edildiyini vurğulayıb.
Siyasətçi Azərbaycan və Ukrayna arasında tarixən dostluq əlaqələrinin mövcudluğundan danışarkən qeyd edib ki, gələcəkdə bu əlaqələr daha da güclənəcək: "Ukrayna hər zaman Azərbaycanın dostu olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Burada Azərbaycandan olan xeyli adam var, onlara da dostcasına yanaşırıq. Bizim yerli əhalinin də Azərbaycana münasibəti yaxşıdır. Hətta ətrafımda Azərbaycan dili ilə maraqlanan adamlar da var. Onlar Azərbaycan diasporu ilə mütəmadi əlaqədədirlər. Ancaq burada Azərbaycan dili o qədər də populyar deyil. Bu dili populyarlaşdırmaq üçün müəyyən addımlar atılmalıdır”.
İctimai xadim deyib ki, azərbaycanlılar Ukraynaya tez-tez səfər edirlər: “Bizim vətəndaşlar nadir hallarda Azərbaycana gəlir. Bunu təbliğ etmək və səfər qiymətlərini aşağı etmək lazımdır. Bu, turizm əlaqələrini gücləndirmək üçün çox vacibdir. Düşünürəm ki, Qarabağa səfər təşkil olunsa, Ukrayna vətəndaşları arasında oraya gəlmək istəyənlər çox olacaq. Mən iki dəfə Azərbaycanda olmuşam. Azərbaycan mətbəxini, Bakını, Dənizkənarı Bulvarı və tarixi abidələri çox bəyənmişəm. Ukrayna xalqı yeməyi və gəzməyi çox sevir. Ona görə də təbliğat güclü olsa, gediş-gəliş daha da möhkəmlənəcək”.
Deputat Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və işğaldan azad olunan ərazilərdə tarixi abidələrin dağıdılmasından da söz açıb: “Gec də olsa ədalət qələbə çalır və haqq öz yerini tapır. Bu tarixi zəfər haqqın öz yerini tapmasının ən bariz nümunəsidir. Bundan sonrakı prosesdə hər kəs Azərbaycanın öz tarixi torpaqlarını necə bərpa etdiyini görəcək. Bəlkə də abidələri bərpa etmək olar, ancaq tarixi bərpa etmək çətindir. Ermənistan Qarabağda törətdiyi vandalizm aktı ilə tarixi məhv edib. Bu səbəbdən də tarixi abidələrin dağıdılması qəbuledilməzdir”.