“Tariximizin bu “qara” səhifələri, sözsüz, bütün millət və nəsillər üçün dərs olub. “Belə etmək olmaz” dərsi. O zaman həm Azərbaycan, həm də Ukrayna daha güclü və ultratotalitar ölkələrin ziyanlı təsiri altında olub. Bu cür təsir fəsadsız qala bilməzdi. Holokost kimi belə soyqırımından bir müddət sonra eyni soyqırımı da Azərbaycanın Xocalı şəhərində baş verdi”.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının hakim Xalqın xidmətçisi partiyasından Yuri Kamelçuk Holokost və Xocalı soyqırımıları arasında paralellər apararkən bildirib.
“Dinc əhalinin qətliamı Qarabağ müharibəsi zamanı ən amansız formada qırğınlardan olub. 1992-ci il fevralın 25-də Xocalı şəhərinin ağır artilleriya silahlarından atəşə tutulması saat 23:00-da başlayıb və cəmi beş saat ərzində 500 nəfər dinc azərbaycanlı həlak olub. Holokost da daxil olmaqla bu kimi qırğınların bir daha təkrarlanmaması üçün nə edə biləcəyimizdən danışarkən mən yalnız bir şeyə əminəm. Bizim əsas vəzifəmiz müharibələrə, münaqişələrə yol açan səbəbləri aradan qaldırmaqdır. Bu iş o qədər çətindir ki, bir vaxtlar hətta Millətlər Liqası da onun öhdəsindən gələ bilmirdi. Səbəb müharibəni başladan ayrı-ayrı dövlətlərin eqoizm və aqressivliyindədir. Məhz buna görə də bu gün hibrid münaqişələr dövründə biz fikir ayrılıqları yox, kompromislər axtarmalıyıq. Dostluq və diplomatik əlaqələr, sərmayələr və oxşar tarix - sabit dünya tapmaq yolunda bir addım ola bilər. Azərbaycan və Ukrayna birmənalı şəkildə buna nail olublar”, - Y.Kamelçuk bildirib.