Ukraynanın ali təhsil ocaqlarının tələbələri arasında keçirilən “Heydər Əliyev: Liderlik fenomeni” adlı esse müsabiqəsinə yekun vurulub və qaliblər müəyyənləşib.
"Report" xəbər verir ki, müsabiqə Azərbaycanın Ukraynadakı səfirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşəbbüsü ilə təşkil olunub. Aprelin 1-dən 15-dək səfirliyin sosial şəbəkə hesablarında və Ukraynanın 15-dən çox universitetinin saytlarında esse müsabiqəsi haqqında elan verilib.
Bu müddətdə səfirliyin ikinci katibi Samir Allahverdiyev tərəfindən tələbələrə dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi həyat yolu, fəaliyyəti barədə mühazirələr oxunub. Onlayn formatda keçirilən mühazirələrdə Ukraynanın nüfuzlu, o cümlədən V.İ.Vernadski adına Tavriya Milli Universiteti (Kiyev), Qərbi Ukrayna Milli Universiteti (Ternopil), Boris Qrinçenko adına Kiyev Universiteti, V.N.Karazin adına Xarkov Milli Universiteti, Taras Şevçenko adına Kiyev Milli Universiteti, Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyası, Kiyev Milli Linqvistik Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Kiyev Milli Mədəniyyət və İncəsənət Universiteti, Xarkov Milli Pedaqoji Universitetinin və digər ali təhsil ocaqlarının tələbələri iştirak ediblər.
Aprelin 15-dən 30-dək esse müsabiqəsində iştirak edən ukraynalı tələbələrdən 200-ə yaxın məqaləsi qəbul olunub. Onlar arasında ən yaxşı 20 məqalə seçilib. İlk üçlükdə qərarlaşanlara pul mükafatları, ilk onluğa və iyirmiliyə düşənlərə isə qiymətli və xatirə hədiyyələri təqdim ediləcək.
Təqdim olunan esselərin ana xətti ümummilli lider Heydər Əliyevin keçdiyi uğurlu həyat yolu, Prezident İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirməsi, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan təcavüzkar siyasəti və erməni separatizmi olub.
Müsabiqənin münsiflər heyətinə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, Ukraynanın Əməkdar jurnalisti, yazıçı-publisist Viktor Vasilçuk, səfirliyin diplomatları Samir Allahverdiyev və Təranə Sadıqova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukrayna üzrə nümayəndəsi Marina Qonçaruk daxildirlər.
Esse müsabiqəsinin qalibləri iyunun 15-i Milli Qurtuluş Günü ilə bağlı keçiriləcək tədbirdə mükafatlandırılacaq.