"Xerson vilayətinin ekoloji faciə ilə üzləşdiyi bir zamanda bizə göstərilən dəstəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edirəm".
Bu sözləri “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) vilayətdən seçilən və hakim “Xalqın Xidmətçisi” partiyasının deputatı Pavel Pavliş deyib.
Vilayətdə 3500-dən çox evin su altında qaldığını, 20 mindən çox insanın zərər çəkdiyini və insanların ev-eşiyindən didərgin salındığını söyləyən deputat bildirib ki, həm Azərbaycanın, həm digər ölkələrin, həm də könüllülərin yardımı onlar üçün son dərəcə vacib əhəmiyyət kəsb edir.
Partiya təmsilçisi bundan sonra bərpa ediləsi çox işlərin olduğunu vurğulayıb. Dneprin sağ sahilində insanların çoxunun xilas edildiyini xatırladan P.Pavliş bu işdə könüllülərlə yanaşı xilasedicilərin də mühüm rol oynadığını bildirib:
"Onlar odun-alovun içində öz vəzifələrini yerinə yetirdilər. Doğrudur, insanlar xilas edilib, amma onları tezliklə yaşayış yerləri ilə təmin etmək lazımdır. Hazırda Xersonda təmizləmə işləri aparılır. Tikinti-bərpa işləri aparmaq üçün inşaat materiallarına və texnikalarına ehtiyac duyuruq. Hökumətləri və könüllüləri bu işdə bizə kömək etməyə çağırırıq. İnsanların bir-birinə dəstək olması bizə gələcəyə ümidlə baxmağa imkan verir".