“Türkiyə ilə Azərbaycan bir-birinin sadəcə qanı ilə, canı ilə qardaşı deyil, eyni zamanda ən önəmli siyasi müttəfiqi, qabaqcıl ticarət tərəfdaşı və yatırımçısıdır”.
“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Ankarada Türkiyə-Azərbaycan iş adamları forumunda söyləyib.
“Azərbaycan ilə iqtisadi və ticarət münasibətlərimizi ən yüksək səviyyəyə çatdıracağımıza inanıram. İşğalçıların qarşısında, terrorçuların qarşısında Azərbaycanın yanında olduq. Ammasız, fəqətsiz.
Qarabağ müharibəsində şəhid olan qəhrəman Azərbaycan əsgərlərini və həlak olan 100 dinc sakin qardaşlarımızı rəhmətlə anır, qazilərimizə sağlam və uzun ömür diləyirəm”, - o vurğulayıb.
Vitse-prezident deyib ki, Türkiyə Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpasında iştirak edəcək.
F.Oktay bildirib ki, Naxçıvan ilə Azərbaycanın digər bölgələri arasında planlaşdırılan dəhlizin açılması ilə Bakı Mərkəzi Asiya bölgəsində önəmli logistik mərkəz halına gələcək.