“Fransanın parlamentarizm tarixində daha bir utancverici hal yaşanıb. Fransa Senatına erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim edilib. Çox maraqlıdır ki, Fransanın daxili sosial problemlərinin həlli ilə bağlı qətnamələri illərlə müzakirə etməyən senatorlar bu layihəni cəmi bir neçə gün sonra, tələsik müzakirəyə çıxarıb və qəbul ediblər. Heç şübhəsiz ki, bu, hüquqi aktdan daha çox siyasi təxribat xarakteri daşıyan qətnamədir”.
“Report” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.
Fransa Senatının qəbul etdiyi qətnamə sənədinin mətnindən də aydın olur ki, senatorları Dağlıq Qarabağın erməni əhalisinin taleyindən daha çox Türkiyənin və Azərbaycanın getdikcə güclənməsi, sarsılmaz birlik nümayiş etdirməsi narahat edir”, deyən V.Rəhimzadə əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycan olsa da, məlum qətnamədə Türkiyənin adı daha çox hallanır.
Vüqar Rəhimzadə vurğulayıb ki, Fransa Senatında qondarma rejimlə diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan qətnamə layihəsinin müzakirəsi fikir mübadiləsindən daha çox 12 senatorun qərəzli, reallıqdan uzaq, birtərəfli çıxışları ilə tarixə düşəcək: “Məsələn, çıxışlardan aydın olur ki, Fransa Senatının bir çox üzvünün müharibənin başa çatmasından, tərəflər arasında razılıq əldə edilməsindən xəbərləri belə yoxdur. Hətta bəzi senatorların militarist bəyanatlarını başqa cür izah etmək mümkün deyil. Bu baxımdan senator Stefan Ravienin dedikləri heyrət doğurur. O deyib ki, Fransadakı erməni gənclər vətənlərinə dönərək vuruşmaq istəyirlər, onların yolu açılmalıdır, Fransa QHT-ləri bu işdə onlara yardımçı olmalıdır. Əslində, məsələyə məntiqlə, soyuqqanlı yanaşdıqda senatorlar bu cür çıxışları ilə özlərini və prezident Makronu bir daha təkzibedilməz faktlarla ifşa etmiş olublar. Çünki Makron elə ilk gündən Azərbaycanı və daha çox Türkiyəni muzdlu döyüşçü məsələsində əsassız ittiham edirdi. Lakin senator Stefan Ravie Azərbaycan tərəfini muzdlu döyüşçülərdən istifadə etməkdə günahlandıran Makronu bir daha ifşa etdi və bütün dünyaya göstərdi ki, əslində Fransa özü Ermənistanı muzdlularla təmin edir”.
Baş redaktor diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsinin detalları haqqında heç bir təsəvvürü olmayan, münaqişənin hazırkı mərhələsindən bixəbər olan, hətta çıxışları belə dinləməyən senatorlar səsvermədə fəal iştirak ediblər. Bu, açıq şəkildə əvvəlcədən planlaşdırılmış təxribatdan başqa bir şey deyildır: “Sirr deyil ki, layihənin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorlardır. Bununla da bir daha aydın olur ki, həm sənədin müəlliflərini, həm də ona səs verənləri daha çox qarşıdan gələn seçkilərdə Fransa ermənilərinin səsləri və erməni lobbisinin dəstəyi maraqlandırır. Amma görünən odur ki, illər öncə Şimali Afrikada soyqırımı törətmiş fransızların nəvə-nəticələri bu gün vəzifələri naminə dövlətlərini bütün dünyada gülüş hədəfinə, bir qrup məkrli erməninin girovuna çeviriblər. Bu mənada, düşünürəm ki, Fransa Senatının belə bir qətnamə qəbul etməsi Azərbaycanla ikitərəfli münasibətlərə ciddi xələl gətirməklə yanaşı, özünü demokratik dəyərlərin müdafiəçisi adlandıran müasir Fransanın tarixinə qara səhifə kimi həkk olunacaq. Çünki Azərbaycan Respublikasının Fransadakı səfiri qətnamənin səsverməyə çıxarılmasında bir gün öncə Senatın dinləmə prosedurlarına uyğun olaraq Senat üzvləri qarşısında çıxış edib və burada əks olunan birtərəfli, həqiqətə uyğun olmayan məqamlarla əlaqədar ətraflı məlumat təqdim edib. Buna rəğmən Senat tərəfindən tamamilə qərəzli, ədalətsiz qətnamənin qəbul edilməsi problemə ikili standartlar mövqeyindən və birtərəfli yanaşmadan başqa bir şey deyil”.
V.Rəhimzadə vurğulayıb ki, vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi Fransa dövlətinin bitərəfliliyinə ciddi zərbə vurur. Bundan sonra Fransanın ATƏT-in Minsk qrupunun həmsədri statusunu daşımağa mənəvi, hüquqi və siyasi haqqı yoxdur. Bu qətnamə, həmçinin Azərbaycan ictimaiyyəti arasında formalaşmış Fransanın ədalətli vasitəçi olmaması fikrinin həqiqiliyini bir daha təsdiq edir: “Fransa Senatı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 ildə susqun mövqe nümayiş etdirib. Elə Senatın Ermənistan silahlı qüvvələri sıralarında Fransa vətəndaşları olan muzdluların Azərbaycan ərazilərində döyüşlərdə iştirak etməsinə heç bir münasibət bildirməməsi də bir çox haqlı suallar doğurur. Fransa Senatının Ermənistan tərəfindən çox sayda mülki əhalisi qətlə yetirilmiş, kəndləri, qəsəbələri və şəhərləri qadağan olunmuş ballistic raket atəşinə tutulmuş Azərbaycanı vicdansızcasına ittiham etməsi heç bir mənəvi və hüquqi çərçivəyə sığmır. Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır. Qətnamənin mətnində münaqişənin bütün tarixinin, siyasi və hüquqi aspektlərinin ciddi şəkildə saxtalaşdırılması isə siyasi və hüquqi məsuliyyət doğurur”.
V.Rəhimzadə söyləyib ki, Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin növbəti təzahürü olan bu qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir və adi kağız parçasından başqa bir şey deyil: “Heç bir qüvvə, o cümlədən Fransa Senatı Azərbaycan Ordusunun öz tarixi ərazilərindən çıxarılmasını tələb edə bilməz. Ona görə də təcili olaraq Fransa dövləti Senatın bu qətnaməsini qınayan bəyanat və izahat verməlidir”.