Mayın 23-24-də Tehranda Xəzər dənizi üzrə yüksək səviyyəli işçi qrupun dördüncü iclası keçirilib.
"Report" xəbər verir ki, iclasda Xəzər dənizi üzrə yüksək səviyyəli işçi qrupun dördüncü iclasının kommünikesi qəbul edilib.
İclasda Azərbaycan Respublikasını X.Xələfovun, Qazaxıstan Respublikasını Z.Amanjolovun, Rusiya Federasiyasını M.Petrakovun və Türkmənistanı isə M.Atadjanovun başçılıq etdikləri nümayəndə heyətləri təmsil edib. Tədbir İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri M.Barimaninin sədrliyi ilə keçib.
İclasın gündəliyinə uyğun olaraq, Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikası haqqında saziş layihəsi müzakirə edilib. Bu sənədlə bağlı müzakirələr davam etdiriləcək.
Tərəflər Türkmənistanda keçirilməsi planlaşdırılan Xəzər sammitinə hazırlıqla bağlı məsələləri nəzərdən keçirib, həmçinin Xəzər dənizində əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.
Nümayəndə heyətləri baş tutan danışıqları müsbət qiymətləndirib, iclasın yüksək səviyyədə təşkilinə görə İran İslam Respublikasına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupun növbəti iclası Türkmənistanda keçiriləcək. İclasın keçirilmə tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.