“Gürcüstan Cənubi Qafqazda dinc və sabit inkişafın tərəfdarıdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.
Onun sözlərinə görə, regiondakı vəziyyət erməni həmkarı Ararat Mirzoyanla bu gün keçirdiyi görüşün əsas mövzusu olub: “Söhbət zamanı Ukraynadakı müharibə, region və Avropanın təhlükəsizliyi üçün təhdidlər nəzərdən keçirilib. Bizim ortaq mövqeyimiz ondan ibarətdir ki, bölgə üçün təhdid minimuma endirilsin”.
Nazir görüşdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin “Dinc Qonşuluq Siyasəti” təşəbbüsünün də müzakirə edildiyini bildirib: “Cənubi Qafqazdakı qonşularımızı Tbilisini dialoq üçün platforma kimi nəzərdən keçirməyə bir daha çağırırıq. Gürcüstan bölgədə uzunmüddətli sülhə töhfə verəcək prosesə aktiv cəlb olunmağa hazırdır”.