Bu gün Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə dəvət edilib.
Bu barədə "Report"a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Görüşdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov Ermənistan silahlı qüvvələrinin iyul ayının 12-də artilleriya və ağır silahlardan istifadə etməklə Ermənistan-Azərbaycan sərhədində Tovuz rayonu istiqamətində hücumlara başladığını və onun nəticəsində 1 general da daxil olmaqla 11 Azərbaycan hərbçisinin və 1 mülki şəxsin həlak olduğunu diqqətə çatdırıb. Hücumları dəf etmək və atəş nöqtələrini ləğv etmək məqsədi ilə Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi tədbirlər nəticəsində çoxsaylı itkilər verən Ermənistan silahlı qüvvələrinin geri oturdulduğunu bildirib.
Nazir müavini qeyd edib ki, bu təcavüz aktını törətməkdə məqsəd Azərbaycan ərazilərində yeni mövqeləri ələ keçirməklə işğalın əhatəsini genişləndirərək sərhəd zonasında yaşayan mülki əhalini məcburi köçkün vəziyyətinə salmaqdır.
X.Xələfov bu təxribatçı əməlin təcavüzkar Ermənistanın rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməli olduğunu vurğulayıb. O, Ermənistan rəhbərliyinin bu məkrli niyyətinin eyni zamanda region ölkələrini və üzv olduğu hərbi-siyasi blokları Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi orbitinə cəlb etməklə digər dövlətləri təcavüzkar ölkə kimi üzərinə düşən beynəlxalq məsuliyyətə bulaşdırmaqdan ibarət olduğunu bildirib.
Nazir müavini Ermənistan hakimiyyətinin bu avantürist təxribatının alınmadığından narahat olan Fransadakı, xüsusilə Parisdəki erməni havadarlarının Azərbaycana qarşı düşmənçiliklərini gizlədə bilmədiklərini qeyd edib. Belə ki, təşkil edilmiş radikal qrupların iyul ayının 13-dən 14-nə keçən gecə (Fransanın milli bayramı günü, saat 2-3 radələrində) Azərbaycan səfirliyinə və Mədəniyyət Mərkəzinə hücumlar təşkil etmiş və səfirliyimizin binasına qarşı vandal aktı törətmişlər.
X.Xələfov baş vermiş insidentlə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Fransa tərəfinə qəti etiraz etdiyini, bu vandalizm aktının araşdırılmasını, törədənlərin hərəkətinə hüquqi qiymət verilməsini tələb etdiyini diqqətə çatdırıb. O, Fransa Hökuməti tərəfindən Azərbaycanın Parisdəki diplomatik missiyasının binalarının mühafizəsinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini istəyib.
X.Xələfov Azərbaycan tərəfinin Fransadan Minsk qrupunun həmsədri olaraq münaqişənin həlli istiqamətində real addımlar atılmasını, eləcə də Fransanın seçkili orqanlarının bəzi nümayəndələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “qurum”u təşviq edən hər hansı fəaliyyətinin, o cümlədən “humanitar layihələr adı ilə, qarşısının alınması üçün bütün zəruri tədbirləri görməsini gözlədiyimizi bildirib.
Nazir müavini baş verənlərin bir daha ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların mahiyyətini şübhə altına aldığını və Minsk Qrupunun rolunu və fəaliyyətini sual altına qoyduğunu vurğulayıb. O, Azərbaycan ictimaiyyətində Minsk Qrupunun fəaliyyəti ilə bağlı ciddi narazılıqların getdikcə artmaqda olduğunu, Minsk Qrupu həmsədrlərinin Ermənistana işğalçı siyasətinə son qoymasına və beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməsi üçün açıq çağırışlar etmək əvəzinə, hər dəfə ümumi bəyanatla kifayətləndiyini qeyd edib.
X.Xələfov münaqişənin həllinin süni surətdə uzadılmasının regional sabitlik və təhlükəsizlik üçün yeni risklər və çağırışlara münbit şərait yaradaraq daha geniş regional münaqişələrə yol açacağını vurğulayıb.
O, Ermənistan Respublikasının bu cinayətkar addımları atmaqla 30 ildən bəri davam edən və Azərbaycan torpaqlarının 20%dən çoxunu işğal altında saxlayan təcavüzkar siyasətinin davam etdirilməsində israrlı olduğunu nümayiş etdirdiyini bildirib.
X.Xələfov hadisələrin bu məcrada inkişafına Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik missiyasını həyata keçirən beynəlxalq təşkilat və nüfuzlu dövlətlərin təcavüzkar Ermənistana loyal və yumşaq münasibət bəsləməsi, beynəlxalq birliyin Ermənistanın törətdiyi cinayətlərə görə məsuliyyət daşımasına göz yummasının şərait yaratdığını vurğulayıb.
O, vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi təhrikedici əməllərə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib. Bugünkü Ermənistan Respublikası hakimiyyətinin siyasətinin sülh danışıqlarının hər vəchlə pozmaq, onların mahiyyətini saxtalaşdırmaq, işğal olunmuş Azərbaycan ərazilərinin azad olunmasından boyun qaçırmaqdan ibarət olduğunu diqqətə çatdırıb. Bu proseslərin dünya birliyi və Minsk Qrupu həmsədrlərinin gözü qarşısında baş verdiyini və adekvat tədbirlərin görülməməsinin daim Azərbaycan xalqını məyus etdiyini söyləyib.
X.Xələfov Azərbaycanın hüquqlarının on illərdən bəri ardıcıl olaraq pozulması və onun haqq işinə biganəliyin Azərbaycan xalqının və onun qətiyyətli rəhbərliyinin səbir kasasını doldurduğunu, Azərbaycan xalqının və dövlətinin yaşamaq və inkişaf hüququnun təcavüzkar tərəfindən daim tapdalanmasına yol verilməyəcəyini vurğulayıb.
Yaranmış vəziyyətin Azərbaycanın BMT Nizamnaməsində təsbit olunmuş özünü müdafiə hüququna əsaslanaraq təcavüzün dayandırılması, işğal olunmuş ərazilərinin azad olunması üçün təxirə salınmadan tədbirlərin həyata keçirməsini tələb etdiyini bildirib.
Nazir müavini Ermənistan Respublikasının Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına və ya işğal edilmiş ərazilərin Ermənistana birləşdirilməsinə yol verilməyəcəyinə dair özünə hesabat verməli olduğunu diqqətə çatdırıb.
Fransanın Azərbaycandakı səfiri ölkəsinin iyul ayının 12-dən başlayaraq, Azərbaycan və Ermənistan sərhədində baş verənləri diqqətlə izlədiyini və insan tələfatına səbəb olmuş bu hadisələrdən dərin təəssüf və narahatlıq keçirdiklərini bildirib, Azərbaycan tərəfinə başsağlığı verib.
Səfir nazir müavininin səsləndirdiyi Azərbaycan dövlətinin və xalqının narahatlıqlarını anladığını, ölkəsinin ATƏT-in Minsk Qrupunun həmsədri qismində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcəyindən əmin edib.
O, Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Parisdə Azərbaycan səfirliyinə qarşı törədilmiş vandal aktı ilə bağlı narahatlığı və gözləntiləri ilə bağlı mesajların aydın şəkildə Parisə çatdıracağını vəd edib.