Azərbaycanın Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin Baş katibinə Azərbaycana qarşı erməni işğalının nəticələri və 30 il ərzində Azərbaycanın Qarabağ regionunda Azərbaycanın mədəni irsinə münasibətdə törədilən vandalizm barədə məktub ünvanlayıb.
"Report" xəbər verir ki, bu məktub Ermənistan nümayəndəsinin belə adlandırılan “erməni mədəni irsinin dağıdılması” haqqında onun bir neçə gün əvvəl göndərdiyi məktubunda olan cəfəng fikirlərə cavab kimi yazılıb.
Yaşar Əliyevin məktubunda vurğulanır: Ermənistanın daimi nümayəndəsinin Azərbaycanın Qarabağ regionundakı həqiqətlər barədə yalan fikirlərin, Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan müharibənin əsas səbəblərinin təhrif olunmasının yer aldığı məktubla əlaqədar diqqətə almaq lazımdır ki, bu yollarla Ermənistan silahlı münaqişə zamanı törətdiyi vəhşi cinayətlərə görə məsuliyyətdən boyun qaçırmağa, tarixi saxtalaşdırmağa və öz ərazi iddialarını əsaslandırmağa çalışır.
Sənəddə qeyd olunur ki, Ermənistan mədəni irs kimi incə mövzudan həyasızcasına istifadə edərək, onun Azərbaycana münasibətdə on illərdir apardığı iftira və ədavət siyasətini açıq şəkildə göstərən çoxsaylı faktların üstündən sükutla keçir. Məsələn, yaxşı məlumdur ki, Azərbaycandan fərqli olaraq, Ermənistan monoetnik ölkədir və bir cür etnik tərkibə başqa xalqları, o cümlədən vaxtilə Ermənistanda ən iri milli azlıq olmuş yüz minlərlə azərbaycanlını qovmaqla nail olub. Azərbaycanın mədəni irsi Ermənistanın bütün ərazisində tamamilə dağıdılıb və məhv edilib, bir çox tarixi obyektlər onların unikal xarakteristikalarını dəyişdirmək üçün “yenidən qurulub”. Ermənistan belə siyasəti əvvəllər onun işğalı altında olan Azərbaycan ərazilərinə münasibətdə də aparıb. 1990-cı illərin əvvəllərində erməni ordusunun əlinə keçən Azərbaycanın şəhər və kəndlərinin əksəriyyəti 700 mindən çox azərbaycanlı əhalinin ziyan çəkdiyi etnik təmizləməyə məruz qalıb, həmin yaşayış məntəqələri sonradan yerlə-yeksan edilib. Bu torpaqlarda yerləşən minlərlə mədəni obyekt, o cümlədən məscidlər, məbədlər, məqbərələr, muzeylər, rəsm qalereyaları, arxeoloji abidələr, kitabxana və teatrlar talan olunub və məhv edilib. Yaşar Əliyev vurğulayır ki, bundan başqa, bir çox mədəni və dini obyektlərin orijinal memarlıq xüsusiyyətləri Azərbaycan tarixinin, mədəniyyətinin və etnik identikliyinin inkar edilməsi və təhrif olunması məqsədilə bilərəkdən və məqsədyönlü şəkildə dəyişdirilib.
Azərbaycanın BMT yanında nümayəndəliyinin rəhbəri daha sonra qeyd edir ki, erməni işğalı nəticəsində Azərbaycanın dini obyektləri də təhqirə məruz qalıb: onlardan mal-qara üçün tövlə kimi istifadə etməklə bu obyektlərin dini simvolizminə yanaşmada həqarət olunub və bu da azərbaycanlıları xüsusi təhqir etmək məqsədilə düşünülmüş çox güclü rəmzi antimüsəlman aksiyasıdır. 67 məsciddən və islam dini ziyarətgahlarından 65-i dağıdılıb, ikisi ciddi zədələnib. Bu fonda Ermənistan bəyan edir ki, əksər müsəlman ölkələri ilə “dostluq münasibətlərini və konstruktiv əməkdaşlığı” dəstəkləyir. Bu, həyasızlığın ən yüksək dərəcəsidir. Bundan başqa, əvvəllər işğal altında olan ərazilərdə 900 qəbiristanlıq vandalizmə məruz qalıb. Azərbaycan milyonlarla kitab və nadir əlyazmaların məhvini, bu ərazilərdə aparılan qeyri-qanuni arxeoloji qazıntılar zamanı aşkarlanan tarixi əhəmiyyətli minlərlə muzey eksponatının və qiymətli artefaktın oğurlanmasını müəyyən edib. Bu, Azərbaycan mədəni irsi üçün əvəzedilməz itkidir.
Azərbaycanlı diplomat vurğulayır ki, bu cinayətlər beynəlxalq birlik tərəfindən qətiyyətlə pislənilib. İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurası 2022-ci il martın 22-23-də İslamabadda keçirilən 48-ci sessiyasında işğal dövründə Azərbaycan ərazilərində irimiqyaslı və geniş yayılmış vandalizm aktları, arxeoloji abidələrin, mədəni irs obyektlərinin və dini obyektlərin, o cümlədən məscid və islam dini ziyarətgahların təhqir edilməsi, talanması və dağıdılması qətiyyətlə pislənilib, Azərbaycanın Ermənistanı öz öhdəliklərini pozmasına görə məsuliyyətə çağırmağa yönələn səyləri dəstəklənib. Bundan başqa, Xarici İşlər Nazirləri Şurası Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan ərazisindəki islam tarixi və mədəni yerlərinin və ziyarətgahların dağıdılması və təhqir edilməsinə dair qətnaməsində işğal dövründə Azərbaycan ərazilərində islam tarixi və mədəni irsinin tamamilə məhv edilməsi məqsədilə Ermənistan tərəfindən törədilən barbarlıq aktlarını qətiyyətlə pisləyib. Şura, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən məscidlərdən ev heyvanları üçün tövlə kimi istifadə etməklə təhqir olunmasını və murdarlanmasını da qətiyyətlə pisləyərək, Ermənistandan Azərbaycanın tarixi və mədəni irsini özününkü kimi təqdim etmək cəhdlərinə son qoymağı tələb edib. Üstəlik, işğal illəri ərzində Ermənistan və işğal edilmiş ərazilərdə onun tərəfindən qurulan oyuncaq rejim qəsb edilmiş Azərbaycan torpaqlarında bir sıra obyektlər qurub ki, bunlar da onların apardıqları müstəmləkəçilik və ilhaq siyasətinin simvolu kimi xidmət edirdi. Məsələn, onlardan biri müharibədən əvvəl əhalisinin 98 faizi azərbaycanlılar olan Azərbaycanın Şuşa şəhərində 1992-ci ilin mayında bu şəhər işğal ediləndən sonra Vazgen Sarkisyana qoyulmuş heykəldir. 1990-cı illərdə Azərbaycan ərazilərinin işğalına və etnik təmizləməyə, Azərbaycanın mülki şəxslərinin vəhşicəsinə qətlinə görə məsuliyyət daşıyan mənfur səhra komandiri, bu “milli qəhrəman” sonradan Ermənistanın müdafiə naziri və baş naziri vəzifəsinədək irəliləyib. İndi Ermənistan utanmadan təsdiqləyir ki, onun tərəfindən Azərbaycan ərazilərində bu terrorçu və hərbi cinayətkara qoyulan heykəl və digər buna bənzər qalmaqallı obyektlər “mədəni irsdir”, ona hörmət etmək və qoruyub saxlamaq lazımdır. Belə cəfəng iddiaların beynəlxalq hüquqda heç bir əsası yoxdur, onlar Ermənistanın dezinformasiya üsulu kimi əl atdığı saxtalaşdırmanın xarakter və məzmununu nümayiş etdirir.
Məktubda qeyd olunur ki, Azərbaycan müharibə başa çatandan dərhal sonra işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərini, o cümlədən istisnasız olaraq bütün tarixi və mədəni obyektlərin bərpasını və yenidən qurulmasını özünün birinci dərəcəli vəzifəsi elan edib. Azərbaycan hökumətinin dəvəti ilə bir çox beynəlxalq təşkilatlar, rəsmi şəxslər və müstəqil ekspertlər 30 il işğal ərzində vurulan ziyanı gözləri ilə görmək və sənədli şəkildə təsbit etmək və bərpa işlərinin aparılmasını müşahidə etmək üçün bu ərazilərdə olublar. İndi UNESCO-nun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə maneəsiz gəlməsinin “imperativliyi” barədə hay-küylü bəyanatlar verən Ermənistan həmin ərazilər erməni işğalı altında olan dövrdə bu təşkilatın oraya getməsinə ardıcıl olaraq rədd cavabı verməsini “unudur”. Məsələn, UNESCO 1995-2004-cü illər dövründə silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiyanın və bu sənədə 1954-cü və 1999-cu illər protokollarının həyata keçirilməsi üzrə fəaliyyəti barədə öz məruzəsində bəyan edib ki, o, “həmin rayonda mədəni dəyərlərin vəziyyətini yoxlamaq üçün oraya missiya göndərmək imkanından məhrumdur, çünki Birləşmiş Millətlər Təşkilatlarının digər ixtisaslaşmış müəssisələri həmin ərazilər erməni silahlı qüvvələri tərəfindən işğal ediləndən sonra oraya gedə bilmirdilər”.
Azərbaycan diplomatı yazır ki, hətta indi, müharibə başa çatandan sonra da Ermənistan humanitar təşkilatların iştirakını siyasiləşdirməkdə davam edir, yuxarıda adıçəkilən məktub və ona əlavə edilən məruzə dialoqun qarşısını almaq və pozmaq, bunun əvəzində düşmənçilik narrativlərinin irəli sürülməsi və yalan məlumatları yaymaq cəhdlərinə sübutdur. Beynəlxalq Məhkəmə tərəfindən 2021-ci il dekabrın 7-də çıxarılmış müvəqqəti tədbirlər barədə qərara gəlincə, Ermənistan bilərəkdən bu barədə susur ki, İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyanın müddəalarına müvafiq olaraq Azərbaycan da Ermənistanı Məhkəməyə verib və Məhkəmə müvəqqəti tədbirlər haqqında iki qərar çıxarıb.
Yaşar Əliyev vurğulayır: “2021-ci il 20 dekabr tarixli məktubumuzda (A/76/612-S/2021/1078) vurğulandığı kimi, araşdırmanın bu mərhələsində Beynəlxalq Məhkəməyə Konvensiyanın hər hansı şəkildə pozulması hallarını müəyyən etmək tələb olunmurdu, çünki müvafiq nəticəni yalnız iki işin konkret hallarına baxılması çərçivəsində çıxarmaq olardı. Beləliklə, Məhkəmə açıq şəkildə bildirdi ki, müvəqqəti tədbirlərin müəyyən olunması barədə vəsatətə dair qərar qəbul edilməsi üçün ondan İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyanın pozulması faktlarını müəyyən etmək tələb olunmur və bu mərhələdə o, faktiki halları qəti müəyyən edə bilməz. Müvəqqəti tədbirlər barədə qərarın çıxarılması mərhələsində Məhkəmənin vəzifəsi tərəflərin şikayət etdikləri hərəkət və hərəkətsizliyin Konvensiyanın müddəalarına uyğun olmasını müəyyən etməkdən ibarət idi”.
Bundan başqa Beynəlxalq Məhkəmə Ermənistanın konkret tədbirlər görülməsi barədə vəsatətlərinin əksəriyyətini, o cümlədən belə adlandırılan “irsi obyektlərin” “dəyişdirilməsi” üzrə hərəkətlərin qarşısının alınması və qadağan edilməsi barədə, əslində işğaldan azad olunan ərazilərdə yerləşən abidələrə münasibətdə Azərbaycanın hər hansı bərpa işlərinin dayandırılmasına yönələn vəsatətini rədd edib.
Avropa parlamentinin Ermənistanın daimi nümayəndəsinin səhvən dediyi kimi 2021-ci ildə deyil, 2022-ci ilin martında qəbul etdiyi qətnaməyə gəlincə, hətta erməni diasporunun təsiri altında hazırlanmış bu qərəzli mətndə də erməni tərəfinin Azərbaycana və onun mədəni və dini irsinə münasibətdə törədilən cinayətlərin üstündən sükutla keçilmir. Məsələn, həmin qətnamədə etiraf edilir ki, Azərbaycanın Ağdam və Füzuli şəhərləri demək olar tamamilə dağıdılıb və talan olunub, Azərbaycanın mədəni irs obyektləri, o cümlədən azərbaycanlı məcbur köçkünlər tərəfindən tərk edilən mədəni və dini abidələr zərər çəkib və yaxud məhv edilib. Vurğulanır ki, bu obyektlər tamamilə və ya qismən dağıdılıb, xarabaya çevrilib, təhqir edilib, çünki onlardan mal-qara üçün tövlə kimi istifadə olunaraq, mədəni izlərin itirilməsi məqsədilə dəyişdirilib, yaxud da sökülərək tikinti materiallarına çevrilib.
Azərbaycanın BMT yanında nümayəndəliyinin rəhbəri qeyd edir ki, Ermənistan faktları təhrif etməyə, beynəlxalq birliyi çaşdırmağa, beynəlxalq sənədləri yanlış şərh etməyə, düşmənçilik və nifrəti qızışdırmağa cəhd etmək əvəzinə, ilk növbədə, düşmənçilik narrativlərindən əl çəkməli, nifrət təbliğ edilməsinə, onun təbliğinin sponsorlaşdırılmasına son qoymalı, belə hərəkətlərdən çəkinməli, törədilməsinə görə məsuliyyət daşıdığı hərbi cinayətlərdə təqsirkar olan şəxsləri məhkəmə qaydasında təqib etməli və cəzalandırmalı, beynəlxalq hüquq əsasında dövlətlərarası münasibətlərin normallaşmasına dair öhdəliklər götürməli, beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirməli, regionda sülhün bərqərar olmasına, möhkəmlənməsinə və qorunub saxlanmasına yönəlmiş səyləri dəstəkləməlidir.
Məktuba Azərbaycan ərazilərinin erməni işğalı altında olduğu dövrdə Azərbaycanın mədəni irsinin tarixinin saxtalaşdırılması və məhv edilməsinin miqyasını və xarakterini nümayiş etdirən bir neçə fotoşəkil də əlavə edilib.