“Azərbaycanla Gürcüstan arasında tam bir strateji tərəfdaşlıq əlaqələri bərqərar olub”.
“Report” xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Zurab Qumberidze ADA Universitetində təşkil olunmuş “Azərbaycan – Gürcüstan strateji münasibətləri” adlı onlayn konfransda bildirib.
“Eyni iki ölkə ərazisində 10 il ərzində beş mühüm beynəlxalq layihə həyata keçirilməsinə bənzər dünyada başqa misal tapmaq çox çətindir. Bunlar məlum olsa da, yenə də sadalamaq istərdim: TRACECA, Bakı – Supsa və Bakı – Tbilisi – Ceyhan ixrac neft kəmərləri, Bakı – Tbilisi – Ərzurum qaz kəməri, Bakı – Tbilisi – Qars dəmir yolu. Heç şübhəsiz, bu layihələrin hər biri iqtisadi əməkdaşlığı gücləndirmək yolunda hədəfləri düzgün seçmək baxımından gözəl nümunədir” – diplomat qeyd edib.
Sabiq səfirin fikrincə, Azərbaycanın və Gürcüstanın iqtisadi və siyasi müstəqilliyinin bərqərar olmasında bu layihələrin nə qədər mühüm olduğu zaman ötdükcə ortaya çıxdı: "Həmin layihələrin həyata keçirilməsində bir çox ölkə və beynəlxalq təşkilatlar iştirak edib. Yəqin ki, dost ölkə Türkiyənin də böyük töhfəsini ayrıca qeyd etməliyik”.