Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bərdə regional bölməsinin rəisi vəzifəsində işləmiş Həsənov Rauf Sadiq oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report” xəbər evrir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.
Qeyd edək ki, AQTA-nın Bərdə regional bölməsinin rəisi vəzifəsində işləmiş Həsənov Rauf Sadiq oğlunun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında aparılmış araşdırma nəticəsində Bərdə rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq tədbirləri ilə Rauf Həsənovun AQTA-nın Bərdə regional bölməsinin rəisi vəzifəsində işlədiyi dövr ərzində Bərdə rayonu Kələntərli qəsəbəsi ərazisində yerləşən pendir istehsalı ilə məşğul olan sexin fəaliyyətini bərpa etdirmək üçün vətəndaşdan 1200 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına, sexin fəaliyyətinin yenidən dayandırılmasından sonra təkrarən açılmasına köməklik göstərəcəyini vəd verməklə vətəndaşı aldadıb 1000 manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
10 fevral 2021-ci il tarixdə Rauf Həsənov Cinayət Məcəlləsinin 178.1 (dələduzluq) və 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.