Vətəndaş Amil Bəydəmirovun döyülməsi faktı ilə əlaqədar təhqiqat araşdırmaları aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Nəsimi rayonu, Cavadxan küçəsində yaşayan bir qadın qeyri-rəsmi münasibətdə olduğu A.Bəydəmirov, onun qardaşı və tanışları olan digər şəxs tərəfindən mayın 31-də 16 yaşlı qızının təhqir olunması və təcavüzə məruz qalması iddiaları ilə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət edib.
Tərəflər arasında yaranan mübahisə zəminində A.Bəydəmirov da polisə müraciət edərək bildirib ki, mayın 31-də əvvəllər tanıdığı şəxslər tərəfindən döyülərək xəsarət alıb.
Təhqiqat araşdırması zamanı şikayətçilərin və digər şəxslərin izahatları alınıb və məhkəmə-tibbi ekspertizası təyin edilib. Sərxoşluq müayinəsilə 16 yaşlı qızı təhqir edən A.Bəydəmirovun qardaşının və digər şəxsin sərxoş olması müəyyən edilib.
Hazırda təhqiqat araşdırmaları davam etdirilir.
"Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət verilməklə, vətəndaşın kimlər tərəfindən döyülməsi və digər hallar müəyyən olunacaqdır", - Mətbuat xidmətindən bildirilib.