Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi və 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən “Təmiz hava” aylığı çərçivəsində rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə reyd keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, bu cür reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.
"Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi və 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Standartlara cavab verməyən bir neçə avtomobilin sürücüsü barədə inzibati qaydada tədbir görülüb", - Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.