Yevgeni Jukov: “ADB Azərbaycanın iqlim məqsədlərinə dəstək verməyə hazırdır” - MÜSAHİBƏ

Yevgeni Jukov: “ADB Azərbaycanın iqlim məqsədlərinə dəstək verməyə hazırdır” - MÜSAHİBƏ Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərin fəal iştirakçısıdır. Ölkədə istixana qazlarının tullantılarının azaldılması, bərpa olunan enerji mənbələrinin inkişafı, təbii ehtiyatlardan davamlı istifadəyə yönəlmiş müxtəlif proqram və
Maliyyə
6 May , 2024 15:21
Yevgeni Jukov: “ADB Azərbaycanın iqlim məqsədlərinə dəstək verməyə hazırdır” - MÜSAHİBƏ

Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərin fəal iştirakçısıdır. Ölkədə istixana qazlarının tullantılarının azaldılması, bərpa olunan enerji mənbələrinin inkişafı, təbii ehtiyatlardan davamlı istifadəyə yönəlmiş müxtəlif proqram və layihələr həyata keçirilir. Bunun üçün yaxşı stimul ölkədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsidir.

Lakin bu iddialı planların uğurla həyata keçirilməsi üçün beynəlxalq dəstək və əməkdaşlığa ehtiyac duyulur. Bu mənada Asiya İnkişaf Bankı (ADB) Azərbaycan üçün mühüm tərəfdaşdır. Bank ölkədə iqlim layihələrinin həyata keçirilməsi üçün təcrübəsini, maliyyə resurslarını və dəstəyini təqdim etməyə hazırdır. Birgə səylər nəinki iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmağa, həm də regionda davamlı ekoloji sistemlər yaratmağa yardım göstərə bilər.

Tbilisidə keçirilən ADB-nin 57-ci illik toplantısı çərçivəsində “Report”a müsahibəsində bankın Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov ADB-nin Azərbaycana gələcək inkişafı üçün necə dəstək verəcəyi, COP29-un uğurla keçirilməsi, 2024-2028-ci illər üçün yeni əməkdaşlıq strategiyası, Orta Dəhlizinin inkişafı, yeni regional nəqliyyat dəhlizlərinin açılmasının vacibliyi və s. barədə danışıb.

- 2024-2028-ci illər üçün Azərbaycan ilə ADB arasında əməkdaşlığın prioritet istiqamətləri hansılardır? Bununla bağlı strategiya nə vaxt təsdiq ediləcək və büdcəsi necə olacaq?

- Bu il bir neçə səbəbə görə ADB və Azərbaycan üçün xüsusi ildir. Birincisi, 2024-cü ildə Azərbaycanın Asiya İnkişaf Bankına üzv olmasının 25-ci ildönümünü qeyd edəcəyik. Azərbaycan 1999-cu ildə ADB-yə üzv olduqdan sonra bu ölkəyə 4,2 milyard ABŞ dolları məbləğində vəsait təqdim etmişik.

Ümid edirik ki, bu əlamətdar hadisəni bu ilin sonunda qeyd edəcəyik.

İkincisi, Azərbaycan bu il COP29-a ev sahibliyi edir. Biz bu hadisəyə çox sevinirik. Bu çox mühüm qlobal tədbirin təşkili baxımından Azərbaycana dəstəyimizi və köməyimizi təklif etmişik, bu istiqamətdə yardımı artıq göstəririk.

Nəhayət, üçüncü səbəb odur ki, biz 2024-2028-ci illəri əhatə edən yeni tərəfdaşlıq strategiyası hazırlayırıq. Bu strategiya üçün əvvəlcədən ayrılmış büdcə yoxdur. Azərbaycanın timsalında sizə deyə bilərəm ki, hökumətin və ya özəl sektorun iradəsi olarsa, biz indi gördüyümüzdən daha çox şey edə bilərik. Biz ölkədə həm dövlət, həm də özəl sektor şirkətləri ilə bu mövzuda müxtəlif müzakirələr aparırıq.

Prioritet məsələlərə gəlincə, əlbəttə ki, komandamız üçün bu, Azərbaycana iqlim dəyişikliyinə dair problemlərin həllinə kömək etməklə bağlıdır. Buraya iqtisadiyyatın dekarbonizasiyası və onun ümumi istehsalında bərpa olunan enerji mənbələrinin payının artırılması daxildir. Bilirik ki, Azərbaycan hökuməti “2030-cu ilə qədər 30 %” strategiyasını qəbul edib. Yəni o vaxta qədər ölkədə istehsal olunan bütün enerjinin 30 %-i bərpa olunan mənbələrdən əldə olunacaq. Bu strategiyanın reallaşdırılmasına dəstək məsələsində maraqlı ola bilərik.

Məlum olduğu kimi, bir neçə il bundan əvvəl ADB Ələtdəki ilk günəş elektrik stansiyasının inşasına 20 milyon ABŞ dollarından çox sərmayə qoyub. Həmin layihə o dövrdə bu istiqamətdə özəl sektorun ilk böyük layihəsi idi. Söhbət 230 MVt elektrik enerjisinin istehsal olunacağı, “Masdar” şirkəti tərəfindən idarə olunacaq elektrik stansiyasından gedir.

Bu yaxınlarda, yəni iki-üç həftə əvvəl Azərbaycana səfərim zamanı bu stansiyaya baş çəkmək imkanım olub. Təxminən 550 hektar ərazidə yerləşən, ən müasir texnologiyalarla təchiz edilmiş stansiya insanda dərin təəssürat bağışlayır.

Biz məhz bu istiqamətdə investisiyaları nəzərdən keçiririk. Bundan başqa, üzən günəş elektrik stansiyasının yaradılması layihəsini həyata keçiririk.

Bu, Bakıdakı göllərdən birində 100 kVt-a yaxın gücü olacaq kiçik stansiyadır. Amma bu konsepsiya uğurlu olarsa, onu genişləndirməyi düşünə bilərik.

Bundan əlavə, biz iqtisadiyyatın dekarbonizasiya üzərində işləyirik. Məsələn, “Azərbaycan Dəmir Yolları” QSC-yə ölkənin cənub bölgəsində şəbəkənin bir hissəsinin elektrikləşdirilməsi və bərpasında yardım göstəririk. Üstəlik, dəmir yolu idarəçiliyinin rəqəmsallaşdırılması istiqamətində hökumətə dəstək vermək öhdəliyi götürmüşük.

- Azərbaycanın regional əhəmiyyətini nəzərə alsaq, ADB nəqliyyat sektorunu necə dəstəkləyə bilər? Bu, Azərbaycana Orta Dəhliz, eləcə də “Şimal-Cənub” marşrutunun inkişafı çərçivəsində səylərinin səmərəliliyini artırmağa necə kömək edəcək?

- Azərbaycan təkcə ADB-nin üzvü deyil. O, həmçinin 2000-ci ilin əvvəlində yaradılmış Mərkəzi Asiya Regional İqtisadi Proqramının (CAREC) fəal iştirakçısıdır. Ölkəyə qoyduğumuz investisiyaların həcmi bununla bağlıdır. Hazırda Orta Dəhliz haqqında çox danışılır. Lakin bu layihə üzərində bir neçə ildir ki, yəni bu barədə danışmaq dəbə düşənə qədər işləyirik.

Bu dəhliz Çindən Qazaxıstana, Özbəkistana, Azərbaycana, Gürcüstana və buradan digər ölkələrə qədər uzanır. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Çünki bu dəhlizin iqtisadi cəhətdən səmərəli olması üçün infrastruktura əhəmiyyətli investisiyalar, həmçinin siyasətdə dəyişikliklər, islahatlar, tariflərin və sərhəd prosedurlarının uyğunlaşdırılması tələb olunur. İndi özəl sektorla əlaqə qursanız onlar, Orta Dəhlizin hazırda digər mövcud alternativlərdən 3-4 dəfə baha olduğunu deyəcəklər. Beləliklə, bu dəhlizin tam potensialını həyata keçirmək üçün burada biznesin aparılması xərcləri əhəmiyyətli dərəcədə azaldılmalıdır.

- ADB COP29-un uğurlu keçməsi üçün Azərbaycana necə dəstək verəcək?

- Azərbaycanın konfransa ev sahibliyi edəcəyi açıqlanan kimi ADB prezidenti Masatsuqu Asakava Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərərək Bankın dəstəyini təklif edib. Azərbaycanın COP29-a sədrliyinə konkret dəstək istiqamətlərini müzakirə etmək üçün mən 3 həftə əvvəl iqlim dəyişikliyi komandası ilə birgə Azərbaycana səfər etdim. ADB artıq cəlb olunmuş dövlət qurumlarının potensialının artırılması üçün müəyyən texniki yardım göstərib ki, onlar görüşü keçirə bilsinlər, eləcə də qarşıdan gələn danışıqlara hazırlaşsınlar. Azərbaycanın dekarbonizasiya və iqlim dəyişikliyinin təsirləri ilə mübarizəyə sadiqliyini bütün dünyaya nümayiş etdirmək məqsədilə ona ümumi istehsalında bərpa olunan enerjinin payını artırmaqda yardım göstərmək istəyirik.

Bir neçə il əvvəl “Masdar” şirkəti ilə həyata keçirdiyimiz bir layihəni xatırlatdım və bu il biz bərpa olunan enerji mənbələrinə investisiya üçün əlavə imkanlar axtarırıq.

- ADB ilə Azərbaycan arasında iqlim dəyişikliyi ilə bağlı birgə fəailiyyətin vacibliyini qeyd etdiniz. Qeyd etdiyiniz layihələrdən başqa, bank ölkəyə 2030-cu ilə qədər istixana qazlarının emissiyalarını azaltmaq məqsədinə nail olmaqda necə yardım göstərə bilər?

- Bu layihələrdən bəzilərini artıq qeyd etmişəm. Ölkənin günəş enerjisi potensialının inkişafına kömək etmək üçün əlavə imkanlar axtarırıq, həmçinin SOCAR və digər qurumlarla dənizdə külək enerjisinə investisiya imkanlarını müzakirə edirik.

Azərbaycan hökumətinə 2030-cu ilə qədər ölkə enerjisinin 30 %-nin bərpa olunan mənbələrdən əldə edilməsinə dair məqsədlərinə nail olmaq üçün yardım göstərmək istəyirik. Bundan başqa, Gürcüstan ərazisindən keçməklə Aİ-yə sualtı kabel xəttinin çəkilməsi ilə bağlı müzakirələr davam edir. Dünya Bankı texniki-iqtisadi əsaslandırmanın hazırlanmasında koordinator kimi çıxış edir və texniki yardım göstərir. Amma bununla bağlı konsepsiya təsdiq edildikdən sonra bu layihədə iştirak etməkdən məmnun olarıq. Bir neçə gün əvvəl biz onu da qeyd etdik ki, üç ölkənin – Azərbaycan, Qazaxıstan və Özbəkistan – hökumətləri Özbəkistanın qərbi və Qazaxıstanı Xəzər dənizi vasitəsilə Azərbaycanla birləşdirəcək sualtı kabel xəttinə dair Anlaşma Memorandumu imzalayıblar. Yəni söhbət yenə də “yaşıl enerji” dəhlizindən gedir.

Özbəkistan günəş və külək enerjisinə böyük sərmayə qoyur, ölkənin qərb bölgəsində bu sahədə layihələr həyata keçirilir. Bu arada, iqtisadiyyatın böyük hissəsi şərqdə cəmləşib. Buna görə də hesab edirəm ki, bu “yaşıl dəhliz” vasitəsilə Özbəkistandan Qazaxıstana və Xəzər dənizi vasitəsilə Azərbaycana ixrac potensialı var. Daha sonra bu layihə Qara dəniz vasitəsilə dənizaltı kabel layihəsi həyata keçirilən zaman Avropa İttifaqına qədər uzana bilər.

Bunlar sadəcə bir neçə nümunədir. Təbii ki, biz də bütün şəbəkəni elektrikləşdirmək üçün “Azərbaycan Dəmir Yolları” ilə işləri davam etdirmək istəyirik. Bu da bu vacib şirkətin karbon izini müəyyən dərəcədə azaldacaq.

- Qara dənizdə sualtı kabel layihəsinin əhəmiyyətini qeyd etdiniz. ADB “Azərbaycan-Avropa İttifaqı Yaşıl Dəhliz” layihəsinə investisiya qoymaqda maraqlıdırmı?

- Onu deyə bilərəm ki, əgər texniki-iqtisadi əsaslandırma bu ideyanın həyata keçirilməsinin mümkün olduğunu göstərərsə, biz həm Azərbaycan, həm də Gürcüstanla belə bir layihədə iştirakımızı müzakirə etməkdə çox maraqlı olacağıq. Əminəm ki, bu, çox böyük layihə olacaq və buna görə də Dünya Bankı, ADB və digərləri üçün yer olacaq.

- Tbilisidə çıxışlarınız zamanı qeyd etdiniz ki, CAREC iqlim dəyişikliyi proqramı qəbul edilib. Bu təşəbbüsün əhəmiyyətindən danışa bilərsinizmi?

- Ötən ilin noyabrında Gürcüstanda keçirilən CAREC nazirlərinin görüşü zamanı nazirlər bizim “cari iqlim baxışı” adlandırdığımız məsələni qəbul etdilər. Bu, həmin ölkələrin iqlim dəyişikliyinin təsirləri ilə mübarizədə, “yaşıl keçid”də iştirakda çox ciddi olduqlarına işarə edən yüksək səviyyəli bəyanatdır.

Bu il CAREC-in hazırkı sədri Qazaxıstandır. Nazirlərin növbəti görüşü noyabrın 8-də Astanada keçiriləcək. Ümid edirik ki, bu vaxta qədər iqlim dəyişikliyi ilə bağlı bu ümumi strateji baxışı İqlim Fəaliyyət Planında əks etdirəcək, daha sonra bu istiqamətdə daha çox layihələr hazırlayacağıq.

Biz həmçinin Koreya Respublikası ilə Anlaşma Memorandumu imzaladıq. Bu sənəd çərçivəsində CAREC regionu üçün “Yaşıl İnfrastruktur” layihəsinin hazırlanmasını maliyyələşdirmək üçün fond yaratdıq.

Buna görə də gələcəkdə Etimad Fondunun büdcəsinin artırılmasını və maliyyələşdirmə mexanizminin genişləndirilməsini səbirsizliklə gözləyirik.

- Qeyd etdiyiniz sahələrdən başqa, Azərbaycanla ADB arasında əməkdaşlığın hansı sahələri dərinləşdirilə bilər?

- Qeyd etdiyim ki, gəliri orta səviyyədən yüksək ölkə olan Azərbaycanda ADB-nin dövlət sektoruna investisiyalarından özəl sektora sərmayələrə keçməsi üçün gələcəkdə daha çox imkanlar görürük.

1999-cu ildən indiyədək dövlət sektoruna təxminən 4,1 milyard ABŞ dolları sərmayə qoymuşuq. Biz “Özəl sektor pəncərəsi” layihəmiz vasitəsilə 50 milyon ABŞ dollarından bir qədər çox sərmayə qoymuşuq.

Buna görə də biz gələcəkdə bu rəqəmi artırmaq imkanını görürük. Düşünürəm ki, Azərbaycanda təhsil sahəsində iştirakımızı davam etdirmək istəyirik. Bir müddətdir ki, texniki təhsil sahəsində layihə əsaslı proqram üzərində işləyirik. Ümid edirik ki, hökumət bu sektorda yardım göstərmək təklifimizi qəbul edəcək.

Regional əməkdaşlığa gəlincə, hesab edirəm ki, Azərbaycan, həmçinin təbii ki, Ermənistan və Gürcüstan üçün bu, çox vacibdir. Çünki regional əlaqələri mühüm dərəcədə yaxşılaşdırmaq olar.

Mayın 2-də CAREC-in Tbilisidə keçirilən iclasında bu məsələ ciddi şəkildə müzakirə olunub.

Ölkələrimiz, o cümlədən Azərbaycan hələ də qlobal dəyər zəncirlərinə çox yaxşı inteqrasiya olunmayıb. Buna görə də hesab edirik ki, buna nail olmağın yolu regional iqtisadi inteqrasiyadır.

Fikrimcə, bu, regionda sülhü gücləndirmək və rifahı yaxşılaşdırmaq üçün imkan yaradacaq. Əgər Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanarsa, əlavə nəqliyyat dəhlizlərini açmaq olar. Məsələn, Azərbaycanın qalan hissəsini Ermənistan vasitəsilə Naxçıvanla, eləcə də Türkiyə və digər ölkələrlə birləşdirəcək nəqliyyat dəhlizlərini.

Son xəbərlər

Orphus sistemi